Araz Abdullayevin “wikipedia”sı

Rəşad Ergün

Araz Abdullayev böyük futbolçudur;

Araz Abdullayevin böyük gələcəyi var;

Araz Abdullayev perspektivli futbolçudur;

Araz Abdullayevin böyük istedadı var…

İllər əvvəl, hətta yaxın dövrə qədər ölkənin idman mətbuatı nəfəs dərmədən yazırdı, Araz Abdullayev ad-soyadlı özünü tapa bilməyən futbolçunu tapıb, dağın başına qoyurdu.

Araz üçün daha nələr edilmədi? İngiltərəyə – “Everton”a göndərildi ki, bəlkə, bizim gördüyümüz “fitri istedad”ı ingilislər də görər, şans verər. Nə oldu, bilirsizmi? “Everton”da keçirdiyi günlərin Araza xeyri o oldu ki, açırsan “wikipedia”nı, görürsən, pəəh, bu cavan oğlanın “dosye”sində “Everton” klubunun adı var. Qabağında da 0 oyun, 0 qol! Nə olsun ki? Əsas odur, bu oğlan karyerasına “Everton” adını yazdıra bilib.

Bəs sonra, lap axırda nə oldu, xəbəriniz var?

Dünən AFFA məlumat paylaşıb ki, Araz Abdullayev klubsuz qaldığı üçün millinin məşqçilər heyətinin nəzarətində məşq edəcək.

Sonra?

Sonra AFFA-nın başında futbolun hesabına cibini doldurmaqdan başqa düşüncə olmayan baş katibi Elxan Məmmədov bu klubsuz, getdiyi heç yerdə yarıtmayan futbolçunu milli komandaya dürtüşdürəcək. Yox, hətta futbolu ancaq biznes kimi görən Elxan Məmmədov da dərk edir ki, Araz Abdullayevin qatarı gedib. 28 yaşına kimi futbolçu olaraq bir topa yamaq olmayan bu oğlan bundan sonra ümumiyyətlə, heç nəyə yamaq olmaz. Amma AFFA-dakı biznesmenlər ümidlidirlər ki, Abdullayevi bazar olmasına görə çoxu xarab, keyfiyyətsiz olan avtomobillərə qucaq açan maşın bazarından heç də geri qalmayan milli komanda vasitəsiylə harasa, kiməsə satıb, ciblərini doldura bilərlər. Buna görə əl-ayağa düşüblər, buna görə bədbəxt, “şikəst” etdikləri futbolçuya canıyananlıq edirlər.

Mərhum Fuad Musayevin dövründə azərbaycanlı futbolçuların az qala yarısı Ukraynada, İranda legioner həyatı yaşayırdı. Oynayırdılar, ehtiyatda çürümürdülər! Rövnəq Abdullayevin AFFA-nın açarını təhvil-təslim etdiyi Elxan Məmmədov necə, nə etdisə, ölkə xaricində barmaqla göstərməyə bircə futbolçu da qalmadı. Əslində, nəyi, necə etdikləri də məlumdur: azərbaycanlı futbolçuya çoxlu pul ver, karyerasını bitirsin, Rövnəq Abdullayevin “axran”ı, Elxan Məmmədovun sürücüsü işləsin. Təki pul olsun, karyera gürcüyə, erməniyə lazımdır.

Elxan Məmmədov 28 yaşına kimi bir dəfə də olsun nə milli komandanın, nə də çıxış etdiyi klubların oyunlarında matçın taleyini həll edən qolu, ötürməsi ilə gündəmə gəlməmiş (“zato” böyük, istedadlı, perspektivli) Araz Abdullayevə görə əl-ayağa düşüb. Təcili ona klub tapmalı, pul qazanmalıdır. Bu işdə onun artıq yeni köməkçisi də var – milli komandanın təzə-tər baş məşqçisi Canni de Byazi. Bir neçə gündən sonra Araz Abdullayevin İtaliyadan hansısa kluba keçdiyini eşitsəz, təəccüblənməyin. Əsas “wikipedia”dır, bir də, AFFA-dakı biznesmenlərə pul qazandırmaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button