“Ankaraspor” “Qarabağ”ın sabiq məşqçisi ilə vidalaşdı

Türkiyənin “Ankaraspor” klubu baş məşqçisi Mehmet Akla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 38 yaşlı mütəxəssisin klub rəhbərliyinə müraciət edərək ayrılmaq istədiyini çatdırıb. Rəhbərlik də onun istefasını qəbul edəcək.

Mehmet Ak dekabrın ortalarında “Ankaraspor”a baş məşqçi təyin olunmuşdu. O, sözügedən komandanı 7 matça çıxarıb ki, bunlardan biri qələbə, biri heç-heçə, qalanları isə məğlubiyyətlə bitib.

“Ankaraspor” 1-ci liqada bu mövsüm keçirdiyi 20 oyunda cəmi 13 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Mehmet Ak vaxtilə “Qarabağ” və “Neftçi”də köməkçi-məşqçi kimi işləyib.