“Allahın və qapıçının ümidinə qalmağımızı istəmirəm”

Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində öz meydanında “Neftçi”yə 0:2 hesablıyla məğlub olan “Sabah”ın baş məşqçisi Jelko Sopiç oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:

  • Heç bir komanda çox yaxşı oynamadı. Sadəcə, rəqib komanda bizdən yaxşı idi. İlk qola şərh vermək istəmirəm. Standart vəziyyətlər üzərində çalışarkən, bunu komandaya demişdik. “Qarabağ”, “Neftçi” kimi komandalara 5-6 qol epizodu yaratmağa imkan veririksə, bu, ya onların keyfiyyətli komanda olduğundan, ya da bizim keyfiyyətsiz olduğumuzdan xəbər verir. Mətbuat konfransında çox söz deməyi sevmirəm. Amma legioner futbolçular bizə keyfiyyəti qatmalıdırlar.
  • Premyer Liqada iki güclü komandaya – “Qarabağ”a və “Neftçi”yə qarşı oynadız, sizcə, “Sabah” bu çempionatda nəyə qadirdir?
  • Nəyə qadir olduğu haqqında danışmalı olsam, məndən əvvəl işləyən məşqçilər haqqında da danışmalı olacam. Siz bunu daha yaxşı bilirsiz.
  • Qış fasiləsində komandada nə kimi dəyişiklik etmək fikriniz var?
  • Qışdan sonra nələrsə etməliyik. Bunları görmək üçün də məşqçi olmağa ehtiyac yoxdur, bunları siz də görürsüz. Mən kluba gələrkən, mənə bir neçə yüksək səviyyəli futbolçuların olduğunu dedilər. Bilmirəm, mən axmağam, yoxsa necə. Sadəcə, bunu bilirəm ki, qış fasiləsindən sonra əsas komandada Şakir Seyidov kimi 7 futbolçu olacaq. Bu futbolçu həm məşqdə, həm də oyunda əlindən gələni edir.
  • Sizdən öncəki məşqçilər Filip İvanoviçi müdafiənin mərkəzində oynadırdılar. Amma siz onu yarımmüdafiəçi kimi oynatdız.
  • Mən “Sabah”a gəlməmişdən əvvəl bütün oyunlara baxmışdım. İstəmirəm ki, “Neftçi”nin 10, mənim 3 şansım olsun. İstəmirəm ki, az şansım olsun. Allahın və qapıçının ümidinə qalmağımızı istəmirəm. Filip mərkəz müdafiəçisi deyil, məcburuqsa, onu orda oynatmalıyıq.
  • Pulun komanda üçün vacib olmadığını dediz. Amma transferlər üçün maddiyyat vacibdir. Rəhbərlik bu transferlər üçün sizə imkan verir?
  • Mənim üçün fərqi yoxdur, legioner futbolçular mənim komandama keyfiyyət verməsə, 10 azərbaycanlı futbolçuyla oynamağa razı olacam.

Aygül Qarayeva