AİJF-dən “Qarabağ”ın əməkdaşı ilə bağlı müraciət

Bu gün AİJF (Azərbaycan İdman Jurnalistləri Federasiyası) “Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimovla bağlı UEFA, AİPS və AİPS Avropa prezidentlərinə Azərbaycan idman jurnalistləri adından məktub göndərib.

Komanda.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Məktubun mətni aşağıdakı kimidir:

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun futboldan ömürlük uzaqlaşdırması xəbərini təəssüflə qarşıladıq.

Uzun illərdir erməni terrorundan əziyyət çəkən Azərbaycan saysız-hesabsız qurbanlar verib. Buna baxmayaraq, xalqın iradəsi sarsılmayıb, birgə yaşamaq ənənəsinə sadiq qalaraq sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına nail olub.

Araşdırmalar nəticəsində “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun öz “facebook” səhifəsində etdiyi paylaşımı Ermənistan tərəfindən Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində mülki şəxslərin, o cümlədən neçə-neçə günahsız körpələrin, eləcə də, yeniyetmə futbolçu Şəhriyar Qurbanovun amansızcasına qətlə yetirilməsi, bu görüntüləri sosial şəbəkədə izləyərkən stresə düşməsi və həmin anın emisonallığına qapılaraq etməsi aydın olub. Qəddarlığa və ədalətsizliyə qarşı öz hisslərini cilovlaya bilməyən Nurlan İbrahimovun öz “facebook” səhifəsində təcavüzkar ölkənin millətinə qarşı dövlətimizin mövqeyinə və təmsil etdiyi klubun prinsiplərinə zidd olan sözlərdən istifadə etməsini düzgün hesab etmirik.

N.İbrahimovun “facebook” səhifəsində etdiyi paylaşımın doğru olmadığını tez bir zamanda etiraf edərək silməsi də öz səhvini və məsuliyyətini dərindən başa düşməsi ilə əlaqədardır.

Düşünürük ki, Nurlan İbrahimovun futboldan ömürlük uzaqlaşdırılması ona verilən çox ağır cəzadır. Bəşəriyyətin ülvi məqsədlər ətrafında birləşməsinə təkan verən, insanları bir-birinə yaxınlaşdıran, onların hisslərinə nüfuz edən çox təsirli vasitə olan idman Nurlan İbrahimovun da həyatının ayrılmaz hissəsinə çevrilib. O, da yüz minlərlə futbolsevər kimi gələcəkdə də bu idman növünün inkişafına öz töhfələrini vermək arzusundadır. Sizə müraciətlə xahiş edirik ki, N.İbrahimovun cəzalandırılması ilə bağlı qərara yenidən baxılsın”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button