Ağ eləməyin

Rəşad Ergün

Yadınıza gəlmiş olar, əvvəllər birinci diviziondan Premyer Liqaya vəsiqə qazanıb AFFA-nın lisenziya oyununa görə elitaya buraxılmayan klublar olanda, aralarından hansısa etiraz, üsyan edərdi. Artıq etiraz, üsyan edən də yoxdur.

AFFA-nın Lisenziya Komissiyasının son iclasında qərara alınıb ki, Premyer Liqa yarışlarında iştirak etmək üçün “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ Lökbatan” və “Zaqatala”ya lisenziya verilməsin. “Qaradağ Lökbatan” harda batır batsın, önəmli deyil. Vacib olan “Kəpəz”ə, “Turan Tovuz”a, “Zaqatala”ya lisenziya verilməmisidir. Yəni bu komandalardan heç biri daha bir mövsüm Premyer Liqada görünməyəcək.

Əvvəla, mən qəti şəkildə inanmıram ki, AFFA-nın Lisenziya Komissiyası iclas keçirib, Premyer Liqada iştirak üçün klubların müraciətinə baxsın. Heç ona da inanmıram ki, hansısa birinci divizion komandası Premyer Liqada iştirak etmək üçün AFFA-ya müraciət etsin. “Kəpəz”, “Turan Tovuz”, “Zaqatala” elə AFFA demək deyil? AFFA özü özünə niyə müraciət etsin, niyə iclas keçirib, özünə “yox” cavabı versin? Bu komandaların hamısı federasiyadan maliyyələşir. Bu klubların hər birinə AFFA nəzarət edir, rəhbərliyində açıq, ya da gizli formada təmsil olunur. Yəni birinci diviziondan bir neçə klub Premyer Liqada iştirak etmək üçün müraciət edibmiş, AFFA-nın Lisenziya Komissiyası iclas keçiribmiş, gərgin keçən iclasdan sonra müraciət edənlərə “yox” cavabı verilibmiş – hamısı nağıldır.

AFFA-nın baş katibi Elxan Məmmədov hələ mövsümün əvvəlindən bilirdi ki, mövsümün sonunda necə olacaq, Premyer Liqaya hansısa klub buraxılacaq, ya buraxılmayacaq. Çünki “Kəpəz”in də, “Turan Tovuz”un da, “Zaqatala”nın da pulunu özü verir. Yox, yox, Elxan Məmmədov ulu babalarının mirasını Azərbaycan futboluna xərcləmir, Azərbaycan neftinin pullarını ulu babalarının mirasıymış kimi xərcləyir. Və baş katibin kefi belə istəyir: Azərbaycan Premyer Liqasında bölgə klubu olmayacaq. “Kəpəz”, “Turan Tovuz”, “Zaqatala”, etirazınız var? Yoxdur! Ola da bilməz. Çünki müstəqil klub deyilsiz, AFFA-nın, Elxan Məmmədovun oyuncaqlarısız. Pulunuzu da o verir, harda, necə oynatmaq qərarını da. Ona görə də, səsiniz çıxmır.

Biz yorulduq yazmaqdan ki, Azərbaycanda Premyer Liqa, birinci divizion yarışları qanunsuz keçirilir, futbol reqlamentinə, bütün qaydalara tüpürülür, amma elə öz həmkarlarımız, idman jurnalistləri bu çempionatları vəsf etməkdən yorulmurlar. “Sumqayıt” Avropa Liqasına vəsiqəni haqq edibmiş, “Keşlə” kubokun finalına çıxmaqla böyük iş görübmüş və sair və ilaxır. A kişi, ay yoldaş, vəsf etməzdən əvvəl onu aydınlaşdır ki, “Sumqayıt”ın, “Keşlə”nin, “Neftçi”nin, “Səbail”in Premyer Liqada iştirakı düzgündür, ya yox? Eyni cibdən maliyyələşən klubların eyni çempionatda iştirakına icazə verilir, ya yox? Axı sən jurnalistsən, zurna çalan deyilsən.

AFFA-ya rəhbərlik edənlər hörümçək toru kimi böyük bir tor qurub, Azərbaycanda futbol klublarının əksəriyyətini o torun içinə salıb. Artıq çabalamırlar, etiraz da etmirlər. Min il də birinci divizionda sürünsələr, səslərini çıxarmayacaqlar. Çünki AFFA-ya rəhbərlik edən bir qrup işbaz onları torun içinə salıb, əllərini-ayaqlarını bağlayıb. “Kəpəz” Gəncənin, “Turan Tovuz” Tovuzun, “Zaqatala” Zaqatalanın komandası deyil, AFFA-nın, konkret, Elxan Məmmədovun komandalarıdır.

Şəxsən mən “Kəpəz”in, “Turan Tovuz”un, “Zaqatala”nın Premyer Liqada olmamasından narazı deyiləm. Elxan Məmmədovun Premyer Liqada yetərincə komandası var, onları izləyin, onları vəsf edin, ağ eləməyin.