“Rəşadın namizəd göstərilməsi, yerli mütəxəssislərə etimad olunduğunu göstərir” – Müsahibə

AFFA-nın vitse-prezidenti, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

  • Vaqif bəy, Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı nə zaman açıqlanacaq?
  • Hələ bilmirəm, bir məlumatımız yoxdur. Son zamanlarda dünyada baş verən prosesləri görürsüz də.
  • Koronavirus pandemiyası Avropada ən çox İtaliyada yayılıb. Azərbaycan yığmasının baş məşqçi postuna namizədlərdən biri də italiyalı Canni de Byazi idi. Koronavirus Byazi variantına necə təsir edib?
  • Byazinin adını mən də mətbuatdan eşitmişəm. Hazırda nəyin, necə olacağını bilmirəm. Yığışıb, müzakirə edəcəyik bu məsələləri.
  • Yığıncağınız nə vaxt olacaq?
  • Bilmirəm.
  • Azərbaycan milli komandasının futbolçularından bir neçəsi yığmanın “sükanı arxasında” Rəşad Sadıqovu görmək istəyir. Siz nə düşünürsüz?
  • Vallah, yerli mütəxəssisin milli komandanın baş məşqçi postuna namizəd göstərilməsi sevindirici haldır. Biz də hər zaman Məşqçilər Komitəsi olaraq yerli mütəxəssislərin olmasının tərəfdarı olmuşuq.
  • Sizcə, Rəşad Sadıqov yığmada uğur qazana bilərmi?
  • Kimin millidə uğur qazanacağını, kimin qazanmayacağını bilmirəm. Ancaq Rəşadın namizəd göstərilməsi, yerli mütəxəssislərə etimad olunduğunu göstərir. Bu, sevindirici haldır.
  • Koronavirus pandemiyasına görə Azərbaycan milli komandasının təlim-məşq toplanışı ləğv olundu. Koronavirus AFFA-nın başqa hansı planlarını pozub?
  • Əsas komandanın, U-17 və U-19-un toplanışı ləğv olunub. Hələ bilmirəm necə olacağını. U-21-in də İsveçrə ilə oyunu var. Onunla bağlı da hələ qərar verilməyib.
  • U-21-in üzvü Barış Ekincier Avstriyada top qovur. Ancaq orda da koronavirus yayılıb və çempionat dayandırılıb. Barışın yığmanın toplanışına gəlməsi digər futbolçular üçün risk deyil?
  • Futbolçuların sağlamlığı bizim üçün əsasdır. Ola bilsin ki, bu oyun da təxirə salınsın. Hələ qərar verilməyib.
  • UEFA martın 17-də geniş toplantı keçirəcək. U-21-lə bağlı qərar onda veriləcək?
  • Tez də ola bilər, gec də. Görək nələr olur. Biz bununla bağlı həm İsveçrə Futbol Federasiyasına, həm də UEFA-ya müraciət edəcəyik. Futbolçularımızın səhhəti bizim üçün hər şeydən önəmlidir.
  • UEFA-nın iclasında bir neçə oyunu Bakıda təşkil olunacaq AÇ-2020-nin ləğv olunması da gündəmdədir. Siz nə düşünürsüz bu haqda?
  • Futbolçuların və azarkeşlərin sağlamlığı hər şeydən irəli gəlir. Hansı qərarı verəcəklərini martın 17-də biləcəyik. Ümid edirik ki, hər şey yaxşı olacaq.

Şahin Cəfərov