AFFA-nın kor bucağı

Hüseyn Cəbrayıloğlu

İlk olaraq “kor“ ifadəsinə aydınlıq gətirim ki, avtomobillərin də salonunda “kor bucaq” adlanan yer var və sürücülər məhz qarşılarında sükanın sol hissəsində olan bucaqda manevrlər zamanı yolun bir hissəsini görə bilmirlər. Yəni bu ifadə ilə kimisə təhqir etmək fikrindən uzağam.

Bir vaxtlar “Xəzər Lənkəran”ın akademiyasının belaruslu direktoru vardı – Yuri Panfilov. Lənkəranda çalışdığı müddətdə onunla tez-tez görüşürdüm və aldığım müsahibələrdə, ümumi olaraq işində də razılaşmadığım məqamlar olsa da, insafən, adam işini vicdanla görürdü. Lənkəranın günəşi onu necə qızartmışdısa, sapsarı ukraynalı afrikalı zənciyə oxşayırdı. Yəni bir çox xarici ölkələrdə çalışan Panfilov kabinet adamı deyildi və günboyu məşq meydançalarından çıxmırdı. Bir dəfə ona “lənkəranlı məşqçilərdən kimləri fərqləndirirsən, işini bəyənirsən” sualını verdim. Panfilovun böyük heyranlıq, məmnunluqla önə çəkdiyi Ağadadaş Həmidovu əslində uşaq məşqçisi saymaq olmaz. Lənkəran “Xəzər”inin ilk müstəqil çempionatımızda və nə hikmətdirsə “Xəzər Lənkəran”ın da son oyunlarında “sükanı arxasında” Ağadadaş Həmidov olub. Panfilovun Həmidovla bağlı maraqlı bir xatirəsini sizinlə bölüşüb, belaruslu ilə yazımda vidalaşacam:

“Bir dəfə məşqə çıxanda anidən mənə zəng gəldi. Adətən məşq proseslərini qeyd dəftərçəmə portuqal dilində yazırdım və dəftəri Ağadadaş müəllimə verib, özüm zəngə görə otağıma geri döndüm. Təqribən 20-25 dəqiqə sonra məşq meydançasına gələndə qeydlərim üzrə məşqlərin aparıldığını gördüm. Təəccüblə ondan portuqal dilini harda öyrəndiyini soruşdum. O isə futbolun bir dili olduğunu deyib, məni daha da heyrətləndirdi”.

…Hazırda isə həmin Ağadadaş Həmidov işsizdir. Adam son iki ildə pulsuz-parasız, maaş filan güdmədən “Xəzər Lənkəran”ın 17 yaşlılardan ibarət komandasını çalışdırdı. Yalnız bayramlarda ona göndərilən cüzi pul mukafatı ilə yetinib, məhəllələrdən, qonşu rayonlardan topladığı uşaqlarla gözəl bir kollektiv qurdu. Ən maraqlısı bilirsiz nədir, təkcə ötən il, yalnız məşqlər üçün topladığı 12 uşaqdan 5-i Premyer Liqa klublarının aşağı yaş qruplarına cəlb olundu. Ümumilikdə isə 25-ə yaxın yetirməsi son dörd ildə AFFA-nın malliyələşdiriyi klublara cəlb olunub. Bir çoxunun Bakıda şəraitsizlikdən, daimi mənzillənmə problemi səbəbindən geri döndüyü tamam ayrı mövzu və problemdir. Faktiki olaraq Həmidovun kəşf etdiyi uşaqlara həmin klublar elçi düşüb, təmənnasız transfer ediblər.

…Hazırda isə həmin Ağadadaş Həmidov işsizdir. Bu gün AFFA-nın elit məşqlərindən tutmuş digər nəsnələrinə kimi, maaş verdiyi heç bir bölgə məşqçisi Həmidovun bildiyinin onda birini bilmir, yaxud təcrübəsinin yüzdə onu qədər təcrübəsi yoxdur. AFFA-da Həmidovu tanıyacaq kimsə varmı? Məncə, yoxdur və rus dilli kadrların ortalama 25-35 yaşında olduğunu, departament rəhbərlərinin futbola göydən cırıq zənbillə düşdüyünü də nəzər alanda tanımaq məsələsini bir kənara qoymaq olar.

AFFA hazırda dünyanın dörd bir yanında legioner “azərbaycanlı” axtardığı bir vaxtda onlara demək istədiyim bir mesaj var: Kor bucaqdan qaçmaq üçün sadəcə başı azca yana əymək lazımdır. Siz də başınızı azca yana əyin. Ağadadaş Həmidov kimi mütəxəssis hazırda işsizdir!

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button