AFFA-nın baş katibi Qərb bölgəsinə getdi

AFFA-nın baş katibi Sərxan Hacıyev Qərb zonasında səfərdə olub.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hacıyev “Turan Tovuz” Futbol Akademiyasına baş çəkərək, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi ilə bağlı görülən işlərlə maraqlanıb.

O, həmçinin AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalına qatılıb.

Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub. Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib.

Tədbirdə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.