AÇ: Mariya Stadnik final görüşünə çıxacaq

Bu gün Azərbaycanın daha beş qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.

Komanda.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Mariya Spirkovska (Şimali Makedoniya) ilə qarşılaşacaq.

57 kq-da Jalə Əliyeva 1/4 finalda Anna Şel (Macarıstan) – Yelena Brügger (Almaniya) cütünün qalibi ilə görüşəcək.

62 kq-da Birgül Soltanova təsnifatda Viktoriya Vessoyla (Estoniya), 65 kq-da Elis Manolova 1/4 finalda İrina Rinqaci (Rumıniya) – Kendra Daçer (Fransa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Nəhayət, 72 kq-da Nigar Mirzəzadə təsnifatda Lyudmila Tiçinanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin, digər üç qadın güləşçi medal görüşündə qüvvəsini sınayacaq. 50 kq-da səkkizqat qitə çempionu Mariya Stadnik finalda Oksana Livaçla (Ukrayna) qarşılaşacaq.

55 kq-da Elnurə Məmmədova və 59 kq-da Alyona Kolesnik bürünc medal qarşılaşmasına çıxacaqlar. Onlar müvafiq olaraq Katarjina Kravçik (Polşa) və Sandra Paruşevski (Almaniya) ilə güləşəcəklər.

Öncədən sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar və komanda hesabında da çempion olublar. Yarış aprelin 23-də yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button