AÇ: Maqsud Xasmetov 1/4 finalda!

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın üçüncü günü Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb.

Onlardan Maqsud Xasmetov (56 kq) döyüşünü qələbə ilə başa vurub. Boksçumuz 1/8 finalda Yuri Tomyuku (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.

Xasmetovdan fərqli, Əli Zamanov (52 kq), Cəlal Qurbanov (60 kq), Sərxan Əliyev (69 kq) və Murad Allahverdiyev (81 kq) məğlub olaraq, yarışla vidalaşıblar.

Qeyd edək ki, millimizin boksçularından Ruslan Rüstəmov (64 kq) və Mirəşrəf Kazımzadə (75 kq) yarışın ikinci günü 1/4 finala vəsiqə qazanıb. Çempionat iyunun 24-də başa çatacaq.