AÇ-2020: Türkiyə millisi itki ilə üzləşdi

Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İsveçrə ilə oyundan öncə itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ın müdafiəçisi Umut Meraş zədələnib.

Qardaş ölkə millisi bu gün 8-ci km stadionunda növbəti məşqinə çıxıb. Uelslə oyunda (0:2) sıradan çıxan Umut Meraş, bu məşqdə iştirak etməyib. O, Bakıda baş tutan həmin matçın 72-ci dəqiqəsində sıradan çıxmış və Mert Müldür ilə əvəzlənmişdi.

Türkiyə mətbuatının yazdığına görə, İsveçrə ilə oyunda müdafiənin sol cinahında ilk dəqiqələrdən məhz Mert Müldür mübarizə aparacaq.

İsveçrə – Türkiyə oyunu iyunun 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu matça saat 20:00-da start veriləcək.