
Poçettino FİFA-nın yeni qaydasını bəyənməyib
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino 2026-cı il dünya çempionatında tətbiq edilən yeni qaydaya etirazını bildirib.
FİFA turnirin bütün oyunlarında hava şəraitindən asılı olmayaraq, hər hissədə məcburi su fasilələrinin verilməsini qərara alıb. Qaydaya əsasən, matçların hər hissəsində üç dəqiqəlik fasilə olacaq. FİFA bu addımı futbolçuların sağlamlığının qorunması ilə izah etsə də, yenilik artıq məşqçilər, futbolçular və azarkeşlər arasında müzakirələrə səbəb olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis Poçettino bu qərarla razı olmadığını gizlətməyib:
“Bu mənim xoşuma gəlmir. Hesab edirəm ki, belə fasilələr yalnız hava şəraiti həqiqətən ekstremal olduqda tətbiq edilməlidir. Amma hava yaxşıdırsa, buna heç bir ehtiyac yoxdur”.
Mütəxəssislərin fikrincə, məcburi fasilələr televiziya şirkətlərinə əlavə reklam yayımlamaq imkanı yaradır. Bundan başqa, yeniliyin oyunun tempinə mənfi təsir göstərə biləcəyi vurğulanır. Fasilələr zamanı məşqçilər futbolçulara əlavə taktiki göstərişlər verir, tribunadakı azarkeşlər isə diqqətlərini oyundan yayındıraraq, yemək və içki almağa yönəldirlər.
Bizi Facebook-da izləyin



