Super Liqa klubunda iki yeni transfer, bir ayrılıq

Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Akhisarspor”dan hücumçu Sokol Çikalleşi ilə “Adana Demirspor”un müdafiəçisi Adil Demirbağı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çikalleşi ilə 2, Demirbağla 3 illik müqavilə imzalanıb.

Albaniya yığmasının da üzvü olan Çikalleşi, 2019-cu ildən “Akhisarspor”da çıxış edirdi. O, daha öncə Türkiyədə “Göztəpə”, “Osmanlıspor”, “Başakşəhər” klublarında da forma geyinib. 30 yaşlı forvardın oynadığı komandalar arasında “Besa”, “Skenderbeu”, “Tirana”, “İnçeon Yunayted”, “Kukesi” və “Split” də var. Karyerası ərzində 303 oyuna çıxan futbolçu 92 qola imza atıb. O, Albaniya yığmasında da 36 oyuna 7 qolla yadda qalıb. Çikalleşi “Konyaspor”da “17” nömrəli formanı geyinəcək.

Adil Demirbağ isə 2017-ci ildən “Adana Demirspor”da çıxış edirdi. O, daha öncə yetirməsi olduğu “Bucaspor”un və “Fatih Karagümrük”ün də uğurları üçün çalışıb. 22 yaşlı müdafiəçi peşəkar karyerası ərzində 126 oyuna çıxıb, 6 qol vurub.

“Konyaspor” öz oyunçularından Ali Turanla da yollarını ayırıb. 8 mövsüm idi bu komandanın uğurları üçün çalışan 37 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button