Füzuli Məmmədov “Sumqayıt”a məğlubiyyəti şərh etdi
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə üzləşdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Komandamız bu gün istədiyimiz səviyyədə oyun göstərmədi. Çox zəif, pis oynadıq. Heç belə oynamamışdıq. Rəqib bizdən daha istəkli idi. İstədiyimiz istəyi oyunçularda görə bilmədim. Oyuna baxıb analiz edəcəyik. Qarşıda Avropa Liqası matçı var. Həmin görüşə qədər bütün səhvləri aradan qaldırmaq lazımdır.
- Komandada hər şey qaydasındadır? Futbolçularda sanki futbol oynamaq istəyi yox idi. Krivotsyukun psixoloji durumunda problem var?
- Xeyr, heç bir problemi yoxdur. Sadəcə, çox səhvlər edir. Komandada hər şey qaydasındadır. Problemlər topla səhvlərdir. Futbolçular daha çox qaçmalıdırlar. Daha çox əziyyət çəkən qalib gəlir. Yalnız keyfiyyət sayəsində qələbə qazanmaq mümkün deyil.
- Qarşıdakı rəqib “Qalatasaray”dır. Sizi dəhşət bürümür?
- Xeyr, heç nə bürümür. Futboldur. Məğlubiyyət xoş deyil. Meydana qələbə üçün çıxmışdıq. Bütün tapşırıqlar da bu yöndə verilmişdi. Sadəcə, müdafiə və orta sahədə bu qədər səhvlər qollara səbəb olmalıdır. Heç bir vahimə yoxdur. “Qalatasaray”la oyunda da meydana qələbə üçün çıxacağıq.
- Yusuf Laval və Talisson daha yaxşı anlaşırdılar, nəinki sağ cinahdakılar…
- Namiq Ələsgərov bu gün istədiyimiz oyunu sərgiləmədi, bu üzdən fasilədən sonra əvəzlədim. Bizim əsas problemimiz orta sahədədir.
- “Qalatasaray”la matç hansı səbəbdən BOS-a keçirildi?
- Bunun səbəbi həm burdakı ot örtüyünün istədiyimiz səviyyədə olmaması, həm də oradakı örtüyün daha yaxşı olmasıdır. Başqa bir neçə səbəb də var.
- Düşünmürsünüz ki, bu gün taktiki planda daha çox geri qaldınız?
- Xeyr, belə düşünmürəm. Futbolçular çalışırdılar verilən tapşırıqları yerinə yetirsinlər. Amma komanda şəklində bunu edə bilmirdilər.
- İkinci qolu buraxandan sonra 3 hücumçu ilə oynadınız. Amma Monroz mərkəz hücumçularının arxasında oynayırdı. Bu, sizin tapşırığınız idi?
- Bəli. Yusuf top itkisi zamanı yarımmüdafiəyə kömək edirdi.
- Hücumda böyük əzəmət ortaya qoya bilmədiniz. Problem Mirabdulladadır?
- Əksinə, Mirabdulla əvvəlki matçlara nisbətən bu gün pis təsir bağışlamadı. Elə epizodlar oldu ki, kəsərli hücuma şığıdı, amma ötürmə almadı. Bir epizodda zərbəni yaxşı vura bilmədi. Mirabdullanın əzmkarlığı məni sevindirdi. Onda əvvəl əzmkarlıq görmürdüm. Qarşıda da belə oynasa, əsas heyət oyunçusu ola bilər.
- Mbodj əvəzlənərkən etiraz etdi. Onu hansısa cərimə gözləyir?
- Mbodjla indi paltardəyişmə otağında danışdıq, səhvini qəbul etdim. Heç bir oyunçu baş məşqçinin qərarına etiraz etməməlidir. Onu başa düşürəm. Hesabda geri idik, əsəbi idi. Hansısa cəriməyə ehtiyac yoxdur. Yəqin ki, bir daha belə hal olmaz. Mbodj üç gün əvvəl məşq etmirdi, əzələsində problem var idi. Hətta meydana buraxmağa da ehtiyatlanırdım. Hazır olduğunu demişdi. 6-7 gün məşq etməmişdi, bəzi epizodlarda çatdırmırdı. Əvəzlədik ki, daha hazır olan Stankoviç oynasın.
- “Sumqayıt” son vaxtlar “Neftçi” üçün solaxay rəqibdir. “Sumqayıt”ı uda bilməyən “Neftçi” “Qalatasaray”la matça hazır ola bilərmi?
- Hələ vaxtımız var. Bu oyuna qələbə üçün çıxacağıq.
- “Qalatasaray”a da uduzsanız, komandada qalacaqsınız?
- Bu, bizim ilk məğlubiyyətimizdir. Bizim işimiz səhvlər üzərində işləməkdir. Hər şey rəhbərimizdən asılıdır. İstənilən qərara hazıram.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin