“Neftçi”nin rəqibini yaxından tanıyaq
“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Şkupi” klubu 1927-ci ildə yaradılıb.
Komanda.az xəbər verir ki, klub prezidenti Aydın Ölgün, baş məşqçi Qatip Osmanidir.
Komanda ev oyunlarını 6000 tamaşaçı tutumuna malik olan “Çair” stadionunda keçirir.
3 dəfə ölkə çempionu (1998/1999, 1999/2000, 2000/2001), bir o qədər də ölkə kubokunun (1995/1996, 1999/2000, 2003/2004) qalibi olan “Şkupi” 2019/2020 mövsümünü 5-ci pillədə başa vurub. Lakin çempion “Vardar” maliyyə borclarına görə avrokuboklardan uzaqlaşdırıldığı üçün Şimali Makedoniyanı qitəmiqyaslı turnirdə 2-5-ci yerləri tutan komandalar təmsil edirlər.
Adətən, avrokuboklarda uğursuz çıxış edən Skopye təmsilçisi 2019/2020 mövsümündə Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Pünik” (Ermənistan) klubuna məğlub olub – 1:2, 3:3.
“Şkupi”nin heyətində şimali makedoniyalılarla yanaşı, Rusiya, Braziliya, Seneqal, Qvineya, Qambiya və Kosta-Rikadan olan legionerlər yer alır.
Ümumiyyətlə, “Şkupi” “Neftçi”yə tanış rəqibdir. Bakı klubu Skopye təmsilçisi ilə 2018-ci ilin yayında yoxlama oyunu keçirib, Namiq Ələsgərov və Mirabdulla Abbasovun vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin