
“Pandemiyanın klubun büdcəsinə necə təsir etdiyini və ya nə qədər zərər vurduğunu indi demək mümkün deyil” SORĞU
Koronavirus pandemiyası bütün dünyaya öz təsirini göstərib. Pandemiyadan əziyyət çəkən sahələrdən biri də futboldur. Bir çox ölkələrdə olduğu kimi, artıq xeyli vaxtdır Azərbaycan Premyer Liqası da belə desək, donub qalıb. Çempionatın dayanması futbolçuların, işçilərin məvaciblərini verməkdə çətinlik yaradırmı? Vəziyyət belə davam edərsə, necə olacaq? Bu suallarla Premyer Liqa klublarının rəsmilərinə müraciət etdik:
Nurlan İbrahimov, “Qarabağ”:
“Bu günə qədər vəziyyətin hansısa təsiri olmayıb. Ödəmələr müvafiq qaydada yerinə yetirilib”.
Rüstəm Allahverdiyev, “Neftçi”:
“Hazırda klubun hansısa maddi problemi yoxdur. Gələcəkdə necə olacağını demək çətindir, indidən nəsə deyə bilmərik”.
Elman Himayətoğlu, “Zirə”:
“Pandemiyanın klubun büdcəsinə necə təsir etdiyini və ya nə qədər zərər vurduğunu indi demək mümkün deyil. Klubda bu sahə üzrə çalışan mütəxəssislərimiz mütəmadi olaraq maliyyə hərəkətlərini analiz edir və rəhbərliyi məlumatlandırır. Amma ümumi durum, gəlirlər və xərclər haqqında nəsə demək indi çətindir. Artıq mövsümün sonları olduğundan, bu, müəyyən vaxt tələb edən məsələdir”.
Elnur Həmidov, “Sabah”:
“Cari mövsümün büdcəsi əvvəlcədən müəyyən edilib. Hazırda bütün xərclər məhz bu büdcə əsasında həyata keçirilir. Hansısa dəyişiklik yoxdur”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin



