Avropa Olimpiya Təsnifat Turniri yarıda qaldı
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turniri dayandırılacaq.
Komanda.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib. Qurum martın 14-də start götürən yarışı may ayına qədər təxirə salıb.
Turnir yarışın 3-cü gününün ikinci sessiyasının döyüşləri başa çatdırıldıqdan sonra dayandırılacaq. Buna koronavirus pandemiyasının yayılma təhlükəsi səbəb olub. Bu səbəbdən də öncə martın 24-dək davam etməli olan turnirin azarkeşlərsiz keçirilməsi barədə qərar verilmişdi. Lakin sonradan BOK turniri dayandırmağı məqsədəuyğun sayıb.
Həmçinin Amerika və dünya təsnifat turnirləri də təxirə salınıb: “İdmançıların, rəsmi şəxslərin və bütün digər iştirakçıların sağlamlığı BOK-un İşçi Qrupu (təsnifat turnirlərinin təşkili ilə məşğul olan qrup) üçün prioritetdir. Turnirə hazırlıqdan İşçi Qrup yarışın Təşkilat Komitəsi, həmçinin tibbi ekspertlər və milli səhiyyə orqanları ilə sıx əməkdaşlıq edib ki, zəruri təhlükəsizlik tədbirləri görülsün. İşçi Qrupu yekunda hərəkətin məhdudlaşdırılması və karantinin artması fonunda yarışı dayandırmağa qərar verib. Bu, 60-dan artıq ölkədən olan iştirakçılara öz planlarını korrektə etmək və evinə qayıtmaq imkanı vermək üçün atılıb”.
BOK-un bəyanatında bildirilir ki, Tokio-2020-yə lisenziyaların sahiblərini tapması yenə İşçi Qrupun səlahiyyətində olacaq: “İşçi Qrup Olimpiadaya qalan lisenziyaların may-iyunda bölüşdürülməsi üçün gündəlik olaraq vəziyyəti qiymətləndirəcək. Qrupun prioriteti idmançıların oyunlara vəsiqəni idman prinsipləri ilə qazanmasıdı. Biz bütün maraqlı tərəfləri informasiya olan kimi onunla təchiz edəcəyik. Həmçinin BOK 2020-ci il Olimpiya Oyunlarının Tokioda uğurla keçirilməsi ideyasına sadiqdi”.
Qeyd edək ki, Azərbaycan yığması yarışa 11 boksçu (8 kişi, 3 qadın) ilə qatılmışdı.
Bizi Facebook-da izləyin