Rayan Giqqz Bakı Olimpiya Stadionunda
AÇ-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədi.
Komanda.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Quiyn Huqes, Təhlükəsizlik departamentinin rəisi Qrant Aşton Briqqs və kit menecer David Tudor Qriffitsin daxil olduğu nümayəndə heyəti fevralın 24-də stadionlara baxış keçirib, infrastrukturla yaxından tanış olub.
Bakı Olimpiya Stadionunda olduğu zamanı baş məşqçi Giqqz bir sıra yerli klubların aşağı yaş qruplarından ibarət komandalarının futbolçularına avtoqraf verib, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib.
Daha sonra AÇ-2020 ilə əlaqədar yaradılmış Yerli Təşkil Komitəsinin ofisində qonaq olan Giqqz, ardınca Könüllülər Mərkəzində könüllülərlə görüşüb.
Uels millisi iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə milli komandalarına qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Bizi Facebook-da izləyin