Güləş Federasiyası 2019-cu ilin hesabatını açıqladı

Daha bir ili başa vururuq. Artıq 2019-un son akkordlarını yaşayırıq. Bəs bu il güləşdə hansı nəticələrlə əlamətdar oldu?

Komanda.az xəbər verir ki, Güləş Federasiyası ənənəyə uyğun olaraq, ilin yekun hesabatını açıqlayıb:

Böyüklər

2019-un ilk yarısı böyüklər üçün yetərincə uğurlu keçdi. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında pəhləvanlarımızın qazancı 5 qızıl, 1 gümüş və 7 bürünc medal oldu. Belarusda baş tutan II Avropa Oyunlarında da güləşimiz öz çəkisini ortaya qoydu. Komandamız Minskdən 4 qızıl, 2 gümüş və 7 bürünc medalla qayıtdı. Sözsüz, əsas hədəf lisenziya xarakterli dünya çempionatı sayılırdı. Məqsəd Qazaxıstanda Olimpiadaya mümkün qədər çox vəsiqə qazanmaq idi. Etiraf edək ki, Nur-Sultanda bu mənada gözlənilən nəticə olmadı. Ümumilikdə iki lisenziya əldə edildi. Ancaq medalların sayına və əyarına görə cari olimpiya tsiklinin rekordu qeydə alındı. Belə ki, 1 “qızıl”, 3 “gümüş” və 2 “bürünc” 2015-ci ildən bu yana mundiallarda qazanılan ən yüksək nəticə idi. Güləşçilərimiz Hərbçilərin Dünya Oyunlarında 2 gümüş, 1 bürünc, Dünya Çimərlik Oyunlarında isə 2 gümüş medala sevindi. Digər beynəlxalq yarışlarda 15 qızıl, 26 gümüş, 27 bürünc medal hesabımıza yazıldı. Beləliklə, böyüklərdə il ərzində 25 “qızıl”, 36 “gümüş” və 44 “bürünc” əldə edildi.

U-23

Gənclərdən böyüklərə keçid yaş qrupunda ilk yarış Serbiyada baş tutdu. Novi Sadda keçirilən Avropa çempionatında əldə olunan 4 bürünc medal uğurlu nəticə sayılmasa da, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında əldə edilən 1 “qızıl”, 3 “gümüş” və 3 “bürünc”ü nailiyyətlər sırasına əlavə etmək lazımdır. Digər beynəlxalq yarışlarda 3 qızıl, 5 gümüş və 9 bürünc medal qazanıldı. Ümumilikdə 23 yaşadək güləşçilərin yarışlarında 3 qızıl, 5 gümüş və 10 bürünc medal hesabımıza yazıldı.

Gənclər

İspaniyanın Pontevedra şəhərində baş tutan Avropa çempionatında gənc güləşçilərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medalla yadda qaldı. Estoniyanın paytaxtı Tallində keçirilən dünya çempionatında isə 6 pəhləvanımız fəxri kürsüyə qalxdı. Onlardan ikisi gümüş, dördü bürünc medalı boynundan asdı. Digər beynəlxalq yarışlara gəlincə, qazanılan 15 medaldan üçü qızıl, beşi gümüş, doqquzu isə bürünc oldu. Ümumilikdə bu yaş qrupunda il ərzində 5 qızıl, 9 gümüş və 15 bürünc medal qazanıldı.

Yeniyetmələr

Bu yaş qrupu üçün 2019 xüsusən yaddaqalan oldu. Yeniyetmə güləşçilərimiz ən mühüm yarışlarda ümidləri artıqlamasıyla doğrultdu. İtaliyanın Faenza şəhərində keçirilən Avropa çempionatında 4 dəfə himnimiz səsləndi. Üç yeniyetmə pəhləvanımız qitə ikincisi oldusa, səkkiz yığma üzvü üçüncü yeri tutdu. Qeyd etmək yerinə düşər ki, bu nəticə son 5 ilin ən yaxşı göstəricisidir. İyunun sonlarında keçirilən 15 yaşadək güləşçilərin anoloji yarışında qazancımız 3 “qızıl”, 2 “gümüş” və 7 “bürünc” oldu. Yeniyetmə güləşçilərimizin əsas sınağı iyulda Bakıda təşkil olunan Avropa Gənclərinin Yay Olimpiya Festivalıydı (EYOF). Gözləniləndən də uğurlu çıxış edən pəhləvanlarımız güləşin gələcəyinin parlaq olduğunu növbəti dəfə isbatladı. Təsadüfi deyil ki, yarışda iştirak edən 18 güləşçidən 16-sı fəxri kürsüyə qalxdı. Paytaxtımızda 8 dəfə himnimiz səsləndi. 5 nəfər ikinci, 3 nəfər isə üçüncü pillədə qərarlaşdı. EYOF-dan bir neçə gün sonra yeniyetmələr Bolqarıstana yollandı. İki yarış arasında intervalın az olması Sofiyada optimal heyətlə və tam güclə mübarizə aparmağa imkan vermədi. Buna baxmayaraq, 3 yeniyetmə güləşçimiz dünya çempionu olmağı bacardı. Mundialda daha iki gümüş və iki bürünc medala da sevindik. Digər beynəlxalq turnirlərdə yeniyetmələrin qazancı 3 “qızıl”, 6 “gümüş” və 8 “bürünc” oldu. İlboyu bütün yarışları nəzərə alanda 21 qızıl, 18 gümüş və 28 bürünc medalın əldə edildiyini söyləyə bilərik.

Ənənəvi liderlik

Beləliklə, bütün yaş qrupları üzrə Avropa çempionatlarında 14 qızıl, 8 gümüş və 28 bürünc, dünya çempionatlarında isə 7 qızıl, 10 gümüş və 11 bürünc medal qazanılıb. Digər beynəlxalq yarışlarda güləşimizin payına 36 “qızıl”, 56 “gümüş” və 66 “bürünc” düşüb. Deməli, il ərzində güləşçilərimiz federasiyanın bayrağı altında qatıldığı yarışlarda 236 (57 qızıl, 74 gümüş, 105 bürünc) medal əldə edib. Qeyd edək ki, bura Bakıda keçirilən Müşviq İsayevin xatirə yarışı və Şamaxıda Oleq Krapivinin şərəfinə təşkil olunan Açıq Respublika turnirinin göstəriciləri daxil edilməyib.
2019-cu ildə də güləş idmanımızda lider mövqeyini qorudu. Bunu həm Avropa Oyunlarında, həm EYOF-da, həm Dünya Çimərlik Oyunlarında, həm də Hərbçilərin Dünya Oyunlarında qazanılan medalların kəmiyyəti və keyfiyyəti söyləyir. Müqayisə aparsaq, bu idman növünün məhsuldarlığa görə, növbəti dəfə ölkədə lider olduğunu görərik.

2020 – əsas sınaq ili

Hər olimpiya tsiklinin yekun hesabatı Olimpiadadır. 4 il ərzində aparılan fəaliyyət, qurulan planlar, seçilən strategiya – bütün bunların hamısı Olimpiya Oyunlarında yüksək nəticələr qazanmağa hesablanır. Bu, bütün olimpiya növlərinin ana xətti, seçdiyi yoldur. Güləş də bu baxımdan istisna deyil. Əlbəttə, ilk növbədə Tokio-2020-yə mümkün qədər çox lisenziya qazanmalıyıq. Hələ ki, qadın güləşində 50 kq-da, sərbəst güləşdə isə 97 kq-da Yaponiyada keçiriləcək 4 illiyin zirvə yarışına vəsiqə əldə etmişik. Deməli, daha 16 lisenziya uğrunda mübarizə aparmaq lazımdır. Bu hədəfə iki yarışda çatmaq olar. Martın 19-22-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri və aprelin 30-dan mayın 3-dək Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirində hər olimpiya çəkisi üzrə finalçılar Tokio-2020-yə lisenziya qazanacaq. Bu yarışlardan sonra isə tam güclə Olimpiadaya hazırlaşıb, həmişə olduğu kimi, güləşə bəslənilən ümidləri doğrultmaq lazımdır. 2020-nin güləş tariximizə qızıl il kimi düşməsi arzusuyla…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button