Salam, dar ağacı… Əleyküm salam, “Səbail!
Azərbaycan Premyer Liqasında qış fasiləsi yaranan kimi klublar transfer çalışmalarına start verdilər. Ən çox aktivlik nümayiş etdirən isə “Zirə”dir. Zirə təmsilçisi “Səbail”dən Ağabala Ramazanovu, “Qəbələ”dən Davit Volkovu rəsmi olaraq “rənglərinə bağlayıb”.
“Səbail”i tərk edən isə təkcə hücumçu Ağabala Ramazanov olmadı. Müdafiəçi Elvin Yunuszadə də Premyer Liqanın autsayderi ilə yollarını ayırdı.
Komanda.az-ın əldə etdiyi məlumata görə, “Səbail”də “yarpaq tökümü” davam edəcək. Komandanın təcrübəli futbolçularından Rahid Əmirquliyevlə Mirabdulla Abbasovun da artıq rəhbərliklə danışdığı, özlərinə yeni klub axtardıqları deyilir. Abbasov “Səbail”də icarə əsasında forma geyinir. Onun məxsus olduğu “Neftçi”yə qayıtmaq ehtimalı da var.
Bundan başqa, bir müddət əvvəl “bəh-bəh”lə komandaya gətirilən dünyaca məşhur Maykl Essyenin də tezliklə göndəriləcəyi gözlənilir.
“Səbail”də maliyyə problemləri ötən mövsümün sonundan etibarən başlayıb. Bizdə olan məlumata görə, AFFA tərəfindən komandanın cari mövsümü başa vurması üçün yardım edilir. Amma mövsüm başa çatandan sonra “Səbail”in “fatihə”si oxunacaq, klubun fəaliyyətini dayandırdığı elan olunacaq. Əvəzində isə Premyer Liqaya “Turan Tovuz”, “Kəpəz”, “Zaqatala” kimi komandalardan ən azı birinin gətirilməsi planlaşdırılır.
“Səbail” 14 turdan sonra 12 xal toplayaraq, Azərbaycan Premyer Liqasında sonuncu pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin