
“Azərbaycan millisi dünya çempionatında 48 komanda arasında 148-ci yeri tuta bilər” – SORĞU
Hazırda futbol ictimaiyyətinin diqqəti dünya çempionatına yönəlib və turnir ətrafında müzakirələr gündəmdən düşmür. 48 komandalıq yeni format isə müxtəlif ölkələrin yığmaları ilə bağlı müqayisələri və ehtimalları daha da aktuallaşdırıb.
Komanda.az bunun fonunda “Azərbaycan millisi mundiala vəsiqə qazansaydı, 48 komanda arasında hansı nəticəni göstərərdi” sualı ilə idman jurnalistləri arasında sorğu keçirib:
Elçin Cəlilov (“futbolpress.az”)
”Azərbaycan millisi faktiki durumda FİFA reytinq cədvəlinin sonuncusu olan San Marino yığmasını güc-bəla ilə udursa, 161-ci sıradakı Malta millisinə məğlub olursa, ən yaxşı halda, 48 komanda arasında 148-ci yeri tuta bilər”.
Saleh Arslan (“korner.az”)
”Bizim üçün 48 komandalı dünya çempionatında iştirak etmək, toyda bəyin rayondan gəlmiş uzaq qohumu kimi iştirak etməyə bənzəyərdi – gəldik, foyedə hamıyla şəkil çəkdirdik, plovu yedik (yəni, FİFA-nın verdiyi iştirak pulunu aldıq) və bolluca “şabaş” (xal) paylayıb, sakitcə qayıdıb gələrdik. Və hamı kuboku kimin qaldıracağını müzakirə edəndə, biz evdə oturub “Əsas odur FİFA-nın plovu əla dəmlənmişdi, həmişə toylarda” deyib, özümüzə təsəlli verərdik”.
İlkin Sultanlı (“sport1.az”)
”Açığı, düşünmürəm ki, Azərbaycan millisi bu dünya çempionatında iştirak edəcək potensiala və gücə malikdir. Buna səbəb isə həm federasiyanın normal fəaliyyət göstərməməsi, həm də milli komandanın futbolçularının dünya çempionatında oynamaq üçün kifayət qədər motivasiyalı olmamalarıdır.
Amma təxəyyül etsək, sadəcə arzu edib fərz etsək ki, Azərbaycan millisi 48 komandalı dünya çempionatında iştirak edir, düşünürəm ki, bu komanda istənilən qrupda sıfır xalla sonuncu yeri tutardı”.
Mehman Süleymanov (“presssport.az”)
“Hazırkı dünya çempionatı göstərir ki, burada təsadüfi komandalar demək olar ki, yoxdur. Düzdür, say etibarilə bu, iştirakçı sayı ən çox olan mundialdır. Göründüyü kimi, artıq 48 milli komanda dünya çempionatının final mərhələsində mübarizə aparmaq imkanı qazanır. Bunun nəticəsidir ki, bir sıra yeni komandalar da turnirin final mərhələsinə vəsiqə qazanır. Amma onlar arasında nə qədər debütant olsa belə, heç də debütant kimi çıxış etmədiklərini görə bilirik. Bunun bariz nümunəsi hazırda bütün dünyanın diqqət mərkəzində olan komandalardır. Onlar öz çıxışları ilə futbol ictimaiyyətini təəccübləndirməyi bacarırlar. Hər halda, ilk iki turda xal qazanıblar və pley-off mərhələsinə yüksəlmək şanslarını qoruyurlar.
O ki qaldı Azərbaycan milli komandasına, əlbəttə ki, indiki məqamda reallığı nəzərə alsaq, qüvvələr nisbətində çox böyük fərq var. Düşünürəm ki, belə bir şans olsaydı belə, Azərbaycan millisi öz qrupunda aşkar autsayder olardı və pley-offa yüksəlmək çox çətin məsələ olardı. Yəni, Azərbaycan millisi qrup mərhələsində xal qazana bilsəydi, bu, ölkə futbolu adına çox böyük sensasiya sayılardı. Təbii ki, qrupda hansı komandaların yer almasından da çox şey asılıdır. Burada çox güclü yığmalar ola bilər, eyni zamanda, nisbətən münasib rəqiblər də düşə bilər. Məsələn, İordaniya yığması kimi bizə tanış olan və dəfələrlə qarşılaşdığımız komandalardan xal almaq mümkün olardı. Amma iştirakçı sayı nə qədər çox olsa belə, hazırkı vəziyyətdə Azərbaycan millisinin dünya çempionatının final mərhələsində ciddi nəticə qazanması çox çətin görünür”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin



