“Biz azərbaycanlı futbolçuları söyməməliyik, çünki onlara futbolu belə öyrədiblər” – SORĞU

Futbol üzrə Azərbaycan millisinin iyun ayında Malta (0:2) və San Marino (2:1) yığmaları ilə keçirdiyi son yoxlama oyunları komandanın hazırkı durumu ilə bağlı artıq müəyyən təsəvvürlər formalaşdırdı. Bu matçların fonunda əsas sual millinin qarşıdakı UEFA Millətlər Liqası oyunlarında hansı nəticələrə iddia edə biləcəyidir.

Komanda.az mövzu ilə bağlı idman jurnalistləri arasında sorğu keçirib və onlara iki sual ünvanlayıb:

Azərbaycan millisinin Malta və San Marino ilə son yoxlama oyunları nə göstərdi?

– Komanda Millətlər Liqasında nəyə ümid edə bilər?

Rasim Sultanzadə (“apasport.az”):

“Böyük xəyal qırıqlığı göstərdi, böyük xəyal qırıqlığı yaşatdı. Əslində, bizim hansı səviyyədə futbol ölkəsi olduğumuzu bizə bir daha xatırlatdı. Və burada, təəssüf olsun ki, biz milli komandanın performansından, nəticələrindən danışanda, çox vaxt bir reallığı unuduruq: Bizim milli komandamız Azərbaycanın ən yaxşı futbolçularından formalaşmış komandadır. Bunun müqabilində bu cür bərbad çıxış etmək bir daha göstərir ki, burada heç bir məşqçi, rəhbərlik amilindən danışmaq olmaz. Bunların heç bir fərqi yoxdur. Sadəcə, əlimizdə olan oyunçu potensialı bizə daha yaxşı komanda olmağa imkan vermir. Adi bir nümunə göstərə bilərəm. San-Marino kimi dünya futbolunda hamının birmənalı şəkildə qeyri-ciddi, qeyri-peşəkar və həvəskarlardan ibarət hesab etdiyi komandaya qarşı 2:1 hesabı ilə üstün olduğun oyunun son dəqiqələrində Şahrudin Məhəmmədəliyev topu tutur və Rəhman Daşdəmirov gəlib onu alnından öpür ki, halal olsun, oyunu xətasız-bəlasız qələbə ilə başa vuracağıq. Yəni, bu artıq Azərbaycan futbolu üçün faciədir. Azərbaycan artıq San-Marino və Andorra kimi qeyri-futbol ölkələri ilə eyni sırada olduğunu göstərir. Hətta mən deyərdim ki, Malta, Farer adaları və Lüksemburq kimi ölkələr artıq bu siyahıda deyil, onlar bir, hətta iki baş bizdən üstün komandalardır.

Təəssüf ki, başqa söz demək olmur. Millətlər Liqasında heç nəyə ümid etmək olmaz. Mən şəxsən öz adımdan heç nəyə ümid etmirəm”.

Natiq Muxtarlı (“aut.az”):

“Azərbaycan yığmasının Malta və San-Marino ilə oyunları göstərdi ki, komanda Millətlər Liqasında heç nəyə ümid edə bilməz. Bu oyunlara baxdıqda bir məsələ tam çılpaqlığı ilə ortaya çıxdı: Azərbaycanda futbol oynaya biləcək səviyyədə oyunçular yoxdur. Bunun səbəbi nədir? Səbəb odur ki, Azərbaycanda futbol oynaya biləcək futbolçuları yetişdirməmişik. Bunun üçün nə lazımi infrastruktur var, nə də kifayət qədər kadr potensialı. Meydanda oyunçuların hərəkətlərinə baxdıqda adamda belə təəssürat yaranırdı ki, sanki bu uşaqlara orta məktəbdə “A” hərfini “B” kimi yazmağı öyrədiblər. Mən buna görə onları qınamıram. Sadəcə, onlara futbol oynamağı belə öyrədiblər.

Ona görə də, Azərbaycan futbolunun indiki nəslindən hər hansı nəticə gözləmək illüziyadır. Millətlər Liqasında biz Lixtenşteynlə min bir əziyyətlə oyunlar qazanıb, aşağı diviziondan yuxarı diviziona yüksəldik. Bu nəyi dəyişəcək? Heç nəyi dəyişməyəcək. Sadəcə, bir həqiqəti qəbul etməliyik ki, bunun artıq sübuta ehtiyacı yoxdur: Bu nəsil oyunçular Azərbaycan futbolunda böyük nəticələr qazanacaq səviyyədə deyil və bunun günahkarı da futbolçular deyil. Biz onları söyməməliyik, onları qınamamalıyıq, çünki onlara futbolu belə öyrədiblər.

Azərbaycanda futbolçu yetişdirməyə başlamaq lazımdır. Biz bunu illərlə demişik. Amma bu proses baş verməyib. Əvvəlki AFFA rəhbərliyi də bunu etmədi, indiki AFFA rəhbərliyi də etmir. Artıq iki il yarımdır ki, indiki AFFA rəhbərliyi iş başındadır. Bu müddətdə nə iş görüblər? Yalnız bir şey ediblər: Əvvəlki rəhbərliyin dövründə AFFA-nın büdcəsi 30 milyon manat idisə, onu 60 milyon manata qaldırıblar. Biz Rövnəq Abdullayevi qınayırdıq ki, nəticəsi olmayan milli komandaya illik 10 milyon manat xərcləmək absurddur. İndiki AFFA rəhbərliyi isə bu xərcləri 30 milyon manata qaldırıb. Yəni, burada açıq-aşkar görünür ki, Azərbaycan futbolunda pulun səmərəsiz xərclənməsi prosesi gedir. Mən bunu dəfələrlə demişəm: istər klublarda olsun, istər AFFA-da, heç kim öz cibindən Azərbaycan futboluna pul xərcləmir. Bu pul dövlətin, xalqın puludur və həmin vəsait müəyyən şəxslər tərəfindən rahatlıqla xərclənir. Azərbaycan futbolu pulun səmərəsiz istifadəsinin mərkəzinə çevrilib. İki il yarımda AFFA rəhbərliyinin gördüyü əsas iş budur: büdcəni iki dəfə artırmaq və daha çox pul xərcləmək. Bu vəziyyət davam etdikcə, oyunçuları qınamaq düzgün deyil. Çünki Azərbaycan futbolunun hazırkı durumunda onların heç bir günahı yoxdur. O futbolçular da bu sistemin qurbanıdırlar. Onlara deyiblər ki, futbol belə oynanılır və onlar da belə öyrəniblər. Amma Avropa səviyyəsində meydana çıxanda məlum olur ki, orada futbol tamam başqa cür oynanılır. Nəticədə, bu uşaqlar rəqiblər qarşısında aciz vəziyyətdə qalırlar. Problemimiz məhz budur. Ona görə də, problemi başqa yerdə axtarmamalıyıq. Mən bilirəm ki, cəmiyyət yenə də yazıq futbolçuları, əslində, qurban olan futbolçuları qınamağa başlayacaq. Amma onların Azərbaycan futbolunun bugünkü vəziyyətində heç bir günahı yoxdur.

AFFA-dan soruşmaq lazımdır: Belçikalılara hazırlatdığınız 5 milyonluq futbolun inkişaf strategiyası haradadır? İki il yarım ərzində nə iş görmüsüz? Hansı bölgəyə getmisiz? Hansı rayonda, hansı kənddə futbol məktəbi açmısız? Futbolçular bölgələrdədir, rayonlardadır, potensial oradadır. Azərbaycan futboluna oyunçular məhz oradan gəlməlidir.

Bu proseslər başlamadıqca, infrastruktur qurulmadıqca, təməl qoyulmadıqca Azərbaycan futbolundan heç nə gözləyə bilmərik. Azərbaycan futbolunun sağlam təməli yoxdur. Təməl qurulmadıqda isə nəyisə ummaq mümkün deyil. Hər şey bu qədər sadədir”.

İlkin Vaqifoğlu (“sportinfo.az”)

“Millinin oyunları bunu göstərdi ki, Millətlər Liqasına hələ tam hazır deyilik. Üç ay vaxt var və bu, kifayət qədər uzun müddətdir. Düşünürəm ki, bu müddət ərzində millidə müəyyən dəyişikliklər görəcəyik. Ən azı, Ayxan Abbasovun Millətlər Liqasına aparacağı heyəti müəyyənləşdirmək baxımından bu son oyunların faydalı olduğunu düşünürəm. Baş məşqçi gördü ki, milli komandada boşluqlar haradadır, kim hansı formadadır və biz nəyə ümid edə bilərik.

Ümumilikdə götürəndə, biz Millətlər Liqasında birinci yeri də tuta bilərik, çünki həmin vaxta qədər futbolçuların hansı vəziyyətdə olacağı və baş məşqçinin sisteminin milli komandada nə dərəcədə oturuşacağı çox önəmli rol oynayacaq.

Bəzi məqamlar isə üzücüdür. Məsələn, Abdulla Xaybulayevlə Anton Krivotsyuk arasında olan insident və eyni zamanda, standart vəziyyətlər zamanı yol verdiyimiz səhvlər də üzücüdür. Digər tərəfdən, ümid verə biləcək məqam varsa, o da hər iki oyunda kifayət qədər qol vəziyyəti yaratmağımızdır.

Düşünürəm ki, bizim komandamız hər iki oyunda, xüsusən də, San-Marino ilə qarşılaşmada son 20–30 dəqiqədə oyundan düşdü. Bu məni narahat edir və göstərir ki, futbolçular hələ tam olaraq fiziki və psixoloji yorğunluqlarını üzərindən ata bilməyiblər. Bütün bunları nəzərə alsaq, düşünürəm ki, bu, baş məşqçiyə Millətlər Liqasına qədər düşünmək üçün xeyli material verdi”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button