
Rəsmi: “Mançester Yunayted” 3 futbolçu ilə vidalaşdı
“Mançester Yunayted” müqavilələrinin müddəti başa çatan üç futbolçunun komandadan ayrıldığını rəsmən açıqlayıb.
Komanda.az klubun yaydığı məlumata istinadən xəbər verir ki, Kazemiro, Tayrell Malasiya və Ceydon Sanço artıq “qırmızı şeytanlar”ın üzvü deyil.
Braziliyalı yarımmüdafiəçi Kazemiro 2022-ci ildə komandaya qoşulmuş və dörd mövsüm ərzində “Mançester Yunayted”in formasını geyinmişdi. O, bu müddətdə 160 oyunda meydana çıxıb, 26 qola imza atıb. 34 yaşlı futbolçu klubla birlikdə 2023-cü ildə İngiltərə Liqa kubokunu, 2024-cü ildə isə ölkə kubokunu qazanıb.
26 yaşlı Malasiya da 2022-ci ildən Mançester təmsilçisinin şərəfini qoruyurdu. Niderlandlı müdafiəçi əsas komandada 50 oyuna çıxıb. O, ötən mövsümdə cəmi üç matçda forma geyinib.
Sanço isə 2021-ci ilin yayında “qırmızı şeytanlar”a transfer olunmuşdu. 26 yaşında olan ingiltərəli vinger “Mançester Yunayted”in heyətində 83 oyunda iştirak edib. O, bu müddətdə bir neçə dəfə icarə əsasında digər klublarda da çıxış edib.
Beləliklə, “Mançester Yunayted” yeni mövsüm öncəsi heyətdə dəyişikliklərə start verib.
Bizi Facebook-da izləyin



