Qurban Qurbanov: “Gücümüz çatsa, Beqoviçi saxlamaq istərdik”
Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində öz meydanında “Sabah”a 2:0 hesabıyla qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə bunları deyib:
- Futbolçuları təbrik edirəm. Ağır qrafikdə idik. Həm psixoloji, həm də fiziki yorğunluq vardı. Buna görə də, futbolçularda çempionat oyunlarına köklənməkdə problem yarana bilərdi. Futbolçulara təşəkkür edirəm. Rəqibə də uğurlar arzulayıram. Çox istəkli futbolçuları var. Bizim üçün də asan oyun olmadı.
- 7 oyuna cəmi bir qol buraxmısız. Bu, rəqib hücumçuların səviyyəsi ilə bağlıdı?
- Bəzən belə hallar olur. Rəqib hücumçular haqqında belə fikir bildirməzdim. Bizim müdafiəçilərimiz üçün də hər oyun çətin olur. Bu gün də qapımız qarşısında təhlükəli epizodlar oldu.
- Mahir Emrelinin zədəsi nə yerdədi?
- Topuq hissəsi çox şişib, vəziyyəti yaxşı görünmür. Sabah dəqiq bilinəcək. Onun belə zədə almağını istəməzdik. Zədədən yeni qayıtmışdı, bərpa dövründə idi.
- Oyunboyu hakimlərdən narazı idiz…
- Oyunboyu narazılıq bildirməmişəm. Bir epizodda etiraz etdim, oyunun əvvəlində sarı vərəqə verilən epizodda. Sonra ona yaxınlaşıb, danışdım. Hakimlərin çoxu gəncdi, hər biri çox çalışır. Hər birinə uğurlar arzulayıram.
- Futbolçulara motivasiya vermək baxımından kifayət qədər söz ehtiyatınız varmı?
- Bu gün əlimizdə şans varsa, bundan istifadə etməliyik. Nə qədər çalışsaq da, ilboyu eyni səviyyədə qala bilmərik. Biz də əlimizdə nə qədər imkan var, çalışırıq ki, hər oyuna maksimum hazır çıxaq. Mənim söz ehtiyatım o qədər də çox deyil. Sadəcə, futbolçularla hər zaman dialoqdayıq, danışırıq. Bacardığımız qədər oyunlara 3 xal üçün çıxırıq.
- Oyundan sonra sizə “Traktor”un forması hədiyyə edildi. Bu komandanın oyunlarını izləyirsizmi?
- Bu gün aparıcılarını izlədim, futbolçusuna şeir deyirdi. Oyunlarına yox, amma qollarına baxıram.
- Gələcəkdə “Traktor”la “Qarabağ” arasında yoldaşlıq oyunu keçirilə bilər?
- Hər şey mümkündü, amma bu, o zaman baş verə bilər ki, hər iki komandanın vaxtı olsun. Amma gördüyünüz kimi, bizim o qədər də vaxtımız yoxdu. Həm çempionatda, həm də avrokuboklarda iştirak edirik. Sıx qrafikdəyik.
- Mətbuatda yayılan xəbərlərə görə, “Spartak” (Moskva) sizinlə maraqlanır…
- Bildiyim qədərilə, onlar artıq məşqçi gətirdilər.
- Millinin oyunları ilə bağlı yaranan fasilədən necə yararlanacaqsız?
- Bir oyun keçirmək istəyirik. Ayın 12-nə planlaşdırırıq. Yəqin sabah dəqiqləşər. Məşq əvəzinə belə oyun keçirə bilərik.
- Asmir Beqoviçlə müqavilənin uzadılmasını istəyərdiz?
- Gücümüz çatsa, hə (gülür). Komandaya çox tez uyğunlaşdı. Çox pozitivdi. Heç düşünmürük ki, Premyer Liqadan gəlib. Çox peşəkar, yaxşı qapıçıdı.
- Komandada Beqoviç səviyyəsində hücumçunu nə vaxt görəcəyik?
- Mən hücumçulardan razıyam. Maqaye Qeye də yavaş-yavaş özünə gəlir. Mənim üçün vacib olan insanın xarakteridi. Elə futbolçu olar ki, yaxşı olar, amma komandaya zərər verər. İstəyərdim ki, hər mövqedə daha bir futbolçu olsun. Baxırıq, axtarırıq. Ola bilər ki, yenə hansısa futbolçunu transfer edək.
- 6 il avrokuboklarda oynayan komandanın Beqoviçi saxlamağa gücü çatmazmı?
- Yox (gülür). Bilmədim nə deyim.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin