
“Turnir cədvəlində hansı yerdə olduğumuzu bilmirəm”
“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının 32-ci turunda evdə “İnter”ə 3:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, komandasının göstərdiyi oyundan razı qaldığını bildirib və məğlubiyyətə baxmayaraq, futbolçularını tərifləyib:
“Turnir cədvəlində hansı yerdə olduğumuzu bilmirəm, mövsümün əvvəlindən onu izləməmişəm və indi də baxmaq fikrim yoxdur. Komandam bir daha sübut etdi ki, cəsarətli və enerjilidir: hətta məğlubiyyətdə belə, xarakter göstərirlər. Bəli, səhvlər etdik, amma bu, gənc komandadır və rəqib hər xırda səhvi cəzalandırır.
Biz meydanda oyunla cavab verdik. Statistikaya baxmaq xoşuma gəlir, “İnter” kimi rəqibə qarşı 20 zərbə endirmək hər komandaya nəsib olmur. İki il əvvəl kimsə desəydi ki, biz “İnter”lə bu səviyyədə mübarizə aparacağıq, bunu yoxlama oyunu kimi qəbul edərdim. Amma indi onlarla bərabər səviyyədə döyüşürük”.
“Komo” 32 oyundan sonra 58 xalla A Seriyasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “İnter” isə birincidir.
Bizi Facebook-da izləyin



