Qurban Qurbanov: “Ferentsvaroş” çox təhlükəli rəqibdir”

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Macarıstan “Ferentsvaroş”u ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, oyundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov “Ferentsvaroş”un çox təhlükəli rəqib olduğunu deyib:

“Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk matçdakı nəticə üstünlüyümüzü göstərir. “Ferentsvaroş” çox təhlükəli rəqibdir. Meydanda bacardığımız etməyə çalışacağıq. Topa daha çox sahib olmaq istəyirik. Futbolu həm azarkeşlər, həm nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa, həm də nəticə qazanmağa çalışacağıq. Bizi meydanda hansıda bir problem gözləyəcəkmi? Onu deyə bilmərəm. Rəqib də çalışdığı qədər riskə gedəcək.

Psixoloji durum vacib detaldır. Futbolçular psixoloji cəhətdən hazır olmalıdırlar. Oyundan kənar fikirlərə önəm versək, bu, bizə mane olacaq. Futbolçulara inamım var. Azarkeşlərimiz elə səviyyədədir ki, onlara ancaq təşəkkür edə bilərəm. Hətta stadionda az sayda olanda belə, həmişə onlara təşəkkür etmişəm”.

Qurbanov oyunun fransalı baş hakimi Kleman Turpenlə bağlı fikirlərini də bildirib:

“Fransalı hakimin təyinatı ilə bağlı narazılığım yoxdur. Azərbaycana belə bir hakimin gəlməsi UEFA-nın ciddiliyini, matça verdiyi önəmi göstərir. Hazırda hakimlik elə bir səviyyədədir ki, fikrimizi yayındırmağa ehtiyac yoxdur”.

Qurban Qurbanov rəqib komandanın baş məşqçisi ilə bağlı isə bunları deyib:

“Robbi Kinin təyinatı əlavə motivasiyadır. Rəqib komanda əvvəllər fərqli sistemlə oynayırdı. Hansı “Ferentsvaroş”un daha güclü olduğunu müqayisə etmək istəməzdim. Çünki köklü klubdur və sabah qarşımıza güclü komanda çıxacağını düşünürəm”.

“Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də başlayacaq. Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button