“Sabah” mənə yeni macəra təklif etdi” – Müsahibə
Yeni mövsümdə iddialı olacağı gözlənilən klublardan biri də “Sabah”dır. Azərbaycan Premyer Liqasının yeni iştirakçılarından olan komanda çempionatın ilk turunda “Neftçi”ylə keçirdiyi oyunda həm yaxşı təsir bağışladı, həm də nəticə də pis olmadı (1:1).
“Sabah” yenicə startı verilən Premyer Liqada iddiasını ortaya qoymaq üçün xeyli sayda futbolçu transfer edib ki, onlardan biri də son klubu Fransanın Liqa 2 təmsilçisi “Red Star” olmuş Amadu Diallodur. Diallo ilə “Sabah”a keçidi, komandanın hədəfləri və başqa mövzularda söhbət etdik:
– “Sabah”a keçidin haqda danışardın.
– Bəzi klublarla danışıqlar aparırdım. Ancaq “Sabah” haqda eşitdikdən və onların gələcək planlarını bildikdən sonra ora getməyə qərar verdim.
– Niyə məhz Azərbaycana gəlməyi üstün tutdun?
– Digər klublar mənimlə az maraqlanırdı, ya da mən elə bilirdim. “Sabah” mənə yeni macəra təklif etdi.
– Əvvəlcədən Azərbaycan futbolu haqda məlumatlı idin?
– Elə də çox məlumatım yox idi. Ancaq burda Fransada oynamış səviyyəli futbolçular var. Bunlara misal olaraq “Neftçi”dən Baqali Dabonu, Soni Mustivarı, “Qarabağ”dan Abdullah Zubiri göstərə bilərəm.
– Son mövsümü Fransanın 2-ci liqasında keçirmisən. O futbolla burdakı arasında nə fərq var?
– Bunu müqayisə etmək çətindir. Çünki hər ölkənin mental baxımından öz xüsusiyyətləri var. Fransada daha çox fiziki elementlərə üstünlük verirlər. Azərbaycanlı futbolçuların texniki cəhətlərini xoşlayıram.
– “Sabah”da hədəfin nədir?
– Tez bir zamanda komandama kömək etmək və çoxlu qollar vurmaq.
– “Sabah” forması ilə ilk rəsmi oyununu “Neftçi”yə qarşı keçirdin. Bu matçla bağlı düşüncələrin nədir?
– “Neftçi” yaxşı futbol oynayır, ancaq onları cəzalandıraraq, məğlub edə bilərdik. Bunun üçün imkanlarımız da oldu. İlk oyunda xal qazanmağımız çox yaxşıdır.
– Qələbə üçün nə çatmadı?
– Qazana bilərdik, amma imkanlarımızdan istifadə edə bilmədik. Zaman keçdikcə daha yaxşı olacağıq.
– “Sabah”ın bu mövsümdəki hədəfləri nədir?
– Bacardığımızın ən yaxşısını etməliyik. Dayanmamalıyıq, irəli getməliyik.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin