
AFFA-nın nəzərinə: Qığılcım alovlanmadan söndürün!
Kürşad
Azərbaycan Premyer Liqasının 26-cı turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununda (1:3) baş verənlər haqda uzun-uzadı yazmaq, kimlərisə günahlandırmaq, ittiham etmək olar. Hə, futbolçular arasında davada iştirak edənlər, davaya səbəb olan davranışlar barədə müzakirə açmaq, mühakimə etmək çətin deyil. Zatən oyundan sonra mətbuatda, sosial şəbəkədə bu barədə çox yazıldı, çox deyildi.
Biz artıq geridə qalan bir oyun haqda danışırıq. Emosiyalar soyudu, əsəblər sakitləşdi, kimsə haqq etdiyi cəzanı aldı, kimsə canını yaxşı qurtardı. Məsələ bu deyil. Məsələ odur ki…
Mövsümün sonu yaxınlaşdıqca komandalarda, baş məşqçilərdə, futbolçularda gərginlik səviyyəsi də yüksəlir. Bəzən baş məşqçilər oyunlardan sonra keçirilən mətbuat konfranslarında sanki bilərəkdən odun üzərinə körüklə gedir, hakimləri, VAR sistemini çək-çevir etməklə gərginlik səviyyəsini bir qədər də yüksəldirlər. Hər oyundan sonrakı mətbuat konfransı sanki qarşıdakı matçın premyerasıdır. Azərbaycan Premyer Liqasında, kubokunda hazırda AFFA Hakimlər Komitəsinə, hakimlərə, VAR sisteminə inamsızlıq, etimadsızlıq havası hökm sürür. Bunu yaradan AFFA Hakimlər Komitəsidir, hakimlər özləridir, yoxsa, hər fürsətdə onları ittiham edən bəzi baş məşqçilər, futbolçulardır, bu, başqa məsələdir.
“Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah” və “Neftçi” avrokuboklara vəsiqə qazanmaq istəyir. Avrokuboklara isə sadəcə dörd “bilet” var. Kənarda hansı komandalar qalacaq? Premyer Liqada mövsümün sonu yaxınlaşdıqca gərginlik səviyyəsi hansı həddə yüksələcək? Hələ ölkə kuboku da var. “Qarabağ” – “Araz-Naxçıvan” və “Neftçi” – “Sabah” cütləri arasında finala çıxmaq, kuboka sahib olmaq uğrunda “müharibə” “qanlı” və acımasız olacaq. Xüsusən də, kuboka avrokuboklara vəsiqə gözü ilə baxan “Sabah”la “Neftçi”nin qarşıdurmaları sözün bütün mənalarında sakit keçəcəyə bənzəmir.
AFFA (həmçinin PFL) bütün bunları nəzərə almalıdır və tədbir görməlidir. Nüfuzları getdikcə azalan hakimlər oyunlarda yol verdikləri səhvləri minimuma endirməlidirlər. Klub rəsmilərinin, baş məşqçilərin hər uğursuz matçdan sonra referiləri hədəf alması bir sonrakı “yanmağa hazır” oyunun altına yığılan odun funksiyasını yerinə yetirməməlidir. Bir sözlə, Azərbaycan futbolunda inamsızlığa, etimadsızlığa bulaşmış gərgin bir hava var və AFFA odun üzərinə su tökməyin vaxtı çatdığını anlamalıdır. Yoxsa, “Araz-Naxçıvan” – “Qarabağ” matçında baş verənlər “böyük tonqal”ı alovlandıracaq qığılcım ola bilər!
Bizi Facebook-da izləyin



