
Skaloninin sakitliyi sabiq futbolçunu təəccübləndirir
Argentina millisinin sabiq futbolçusu Maksi Rodriqes, yığma komandanın baş məşqçisi Lionel Skaloni barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Skaloninin ən böyük üstünlüyünün futbol biliyindən çox, komanda idarəetməsi və oyunçularla münasibət qurmaq bacarığı olduğunu deyib:
“Ən çətin iş paltardəyişmə otağını idarə etməkdir. O, futbolçularını başa düşür və bunu necə etməyi yaxşı bilir. Futbolu, taktikanı və sistemləri bilmək vacibdir, amma sən 23-26 fərqli xarakterə sahib insanla işləyirsən. Hər birinin öz ehtiyacı var. Komandanı idarə etmək, vəziyyəti düzgün qiymətləndirmək və hər zaman ümumi marağı düşünmək lazımdır”.
O, həmçinin, Skaloninin vaxtı ilə oyunçu kimi enerjili xarakterinə baxmayaraq, məşqçi kimi daha sakit görünməsinə də diqqət çəkib:
“O, həmişə çox enerjili olub. Ona görə, ehtiyat oyunçular oturacağında onu bu qədər sakit görməyim məni təəccübləndirir. Amma məni ən çox heyrətləndirən onun insanları idarə etmək bacarığıdır. Üstəlik, o, sadəliyini qoruyub – bu baxımdan heç dəyişməyib”.
Bizi Facebook-da izləyin



