Azərbaycan millisinin üzvü azarkeşlərə səsləndi
“Azarkeşləri sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Ülvi Əliyev Avropa çempionatının əsas mərhələsində sabah Yunanıstana qarşı baş tutacaq görüşlə bağlı Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Əliyev azarkeşlərdən komandaya dəstək vermələrini istəyib:
“Yunanıstan millisi qrup oyunlarına qələbə ilə başlayıb. Ümumiyyətlə, indi futzalda zəif rəqib yoxdur. İki gün əvvəl keçirilən matçların nəticələrinə baxsaq, sürpriz hesablar görərik. Bu dəfə öz meydanımızda oynayacağıq. Azarkeşlərimizə səslənirəm ki, oyuna gəlsinlər, dəstəklərini əsirgəməsinlər. Onların tribunadan hər hayqırışı gücümüzə güc qatır. Azarkeşləri sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
O, fevralın 1-də keçirilmiş Xorvatiya millisinə qarşı oyuna (2:9), həmçinin komandanın son durumuna toxunub:
“Oyun düşündüyümüz şəkildə keçmədi. Kobud səhvlər etdik və ardıcıl qollar buraxdıq. Bir qədər diqqətli və dəqiq oynaya bilsəydik, hesab fərqli olacaqdı. Qrupumuzun favoriti sayılan Xorvatiya Avropanın güclü yığmalarından, sonuncu dünya çempionatının iştirakçılarındandır. Dünəndən məşqləri Bakıda davam etdiririk. İki məşq keçmişik. Bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Uşaqlar məşqlərdə həvəslə çalışırlar. Hər birimiz qələbə qazanmaq və Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik. Düzdür, az da olsa, yorğunluq var idi. Bərpa prosesini yaxşı keçməyə çalışdıq”.
Azərbaycan – Yunanıstan matçı sabah Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.
Bizi Facebook-da izləyin