“Hər şey yaxşı olacaq” – Azərbaycan millisinin üzvü

“Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq”.

Komanda.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Fərid Atakişiyev deyib.

Federasiyanın mətbuat xidmətinə açıqlama verən futzalçı bu gün səfərdə qarşılaşacaqları Xorvatiya ilə matçın çətin keçəcəyini bildirib:

“Artıq 4 gündür bu oyunun hazırlığını davam etdiririk. Bakıdakı 2 günlük məşqlərdən sonra son iki məşqimizi Pula şəhərində reallaşdırdıq. Təbii ki, səfərə erkən yollanmaq zala yaxşı bələd olmaq və vaxta uyğunlaşmaq baxımından vacib idi. Belə oyuna hazırlaşmaq üçün 4 gün az olsa da, bundan maksimum istifadə etməyə çalışdıq. Komanda olaraq istəkliyik. Əlbəttə, bilirik ki, bizi ağır görüş gözləyir. Xorvatiya millisi həmişə öz dəsti-xətti ilə seçilib. Güclü, iddialı rəqibdir, qrupun favoritidir”.

O, növbəti matçla bağlı da fikirlərini bölüşüb:

“Bu görüşdən sonra Bakıda Yunanıstanla qarşılaşacağıq. Son illər inkişaf edən Yunanıstan millisi seçmə mərhələyə iddialı başlayıb. İlk oyunda səfərdə İsveçi məğlub etmələri bunun göstəricisidir. Təbii ki, Bakıdakı görüş fərqli olacaq. Amma hazırda bütün diqqətimizi Xorvatiya ilə qarşılaşmaya yönəltmişik. Rəqib komandanı məşqçilər korpusu təhlil edib. Zəif, istifadə edə biləcəyimiz cəhətlərini deyiblər. Heyətimizdə həm gənc, həm də təcrübəli futzalçılar var. Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq. Komandamızın tam formalaşması üçün zamana ehtiyac var. Hər şey yaxşı olacaq”.

Xorvatiya – Azərbaycan oyunu Pula şəhərində, saat 22:15-də start götürəcək. 5-ci qrupda yer alan millimiz daha əvvəl Bakı İdman Sarayında İsveçlə heç-heçə edib – 3:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button