Azər Bağırov “Kəpəz”də ən çox narazı olduğu nüansı açıqladı – MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Azər Bağırovun Komanda.az saytına müsahibəsi:

  • “Kəpəz”ə yeni gəlmisiz. Durumdan xəbərdar idiz. Nə düşünürsüz, bacara biləcəksiz?
  • Əlbəttə, durumdan xəbərimiz var idi. Düşüncələrimiz tam təklif gələndən sonra oldu və “niyə də yox” cavabını verdik. İnanıram ki, hamılıqla bir yerdə bunun öhdəsindən gələcəyik.
  • Adil Şükürov sizə necə bir komanda buraxıb gedib?
  • Adil Şükürovun buraxıb getdiyi komanda haqda danışmaq istəmirəm. Savadlı məşqçidir və Azərbaycan futbolunda da öz dəsti-xətti olan, Premyer Liqada “Zirə” ilə gümüş medal qazanan mütəxəssisdir. Ötən mövsüm “Kəpəz”i Premyer Liqada saxladı. Sadəcə, burada hardasa bizim seçimlərimiz tam fərqlidir, futbol baxımından fərqliliyimiz ola bilər, amma ümumilikdə hər şey daha yaxşı olacaq.
  • “Kəpəz”in pulu yoxdur, yoxsa, həm də, komanda olaraq ruhu?
  • Mən burada “Kəpəz”in pulu və ya ruhundan danışmaq istəməzdim. Sadəcə, komanda biz götürəndə beş turda məğlub olmuşdu. Bəzi mövqeləri dəyişdik, bəzi mövqelərdə oyunçu dəyişikliyi oldu və oradakı oyunçuların da çoxunun yay təlim-məşq toplanışı keçməməsi işimizə cüzi təsirini göstərir. Biz indi futubolçuların fiziki durumunu qaldırmasını düşünürük. Ruhumuz da, hər bir şeyimiz də yerindədir.
  • Son mətbuat konfransında nəticələr yaxşılaşacaq dediz… Nəyə arxayınsız?
  • Arxayın olmağımda komandama, azarkeşlərimizə və bizi dəstəkləyən insanlara, həmçinin öz bilik və savadıma güvənirəm. İnanıram ki, bunun öhdəsindən gələcəyik.
  • Sizcə, “Kəpəz”in bu duruma düşməsində günahkar kimlərdir?
  • Hər biri insanın seçiminə, düşüncələrinə hörmətlə yanaşa bilərəm. Düşünürəm ki, hər şey bizim üçün qabaqdadır və bu gün hamımız “Kəpəz”i hər bir mövqedə dəstəkləməliyik. Yerdə qalan məsələlər düzələcək.
  • Azarkeşlər son oyunda dayanmadan İlqar Nadirinin ünvanına “istefa” şüarı səsləndirirdilər. Buna münasibətiniz necədir?
  • Bu gün İlqar Nadiri “Kəpəz”in rəhbəridir və mən də komandaya onun tərəfindən dəvət olunmuşam. Bilirəm ki, İlqar müəllim maksimum nəyi bacarırsa, “Kəpəz” üçün onu da edir, hətta deyərdim ki, imkanlarından da artığını etməyə çalışır. Tezliklə bu durumdan hamılıqla bir yerdə çıxarıq.
  • Son çıxışınızda “yanımızda olmayanlara qarşı “Kəpəz” olaraq mübarizə aparacağıq” dediz. Nəyi nəzərdə tuturduz?
  • Bu gün “Kəpəz” futbol klubu olaraq bizi sevənlərlə bir yerdəyik. Düşünürəm ki, kim bu gün “Kəpəz”i, Gəncəni istəmirsə, onlara qarşı öz oyunumuzla, öz istəyimizlə mübarizə aparacağıq. Hər şey də “Kəpəz” üçün xeyirli olar.
  • Yeni gələnlər olacaq dediz. Gələcək olan yenilərlə tanışlığınız varmı?
  • Demək olar ki, gələnlərlə tanışlığımız var və hətta onların içərisində əvvəldən izlədiyimiz futbolçular da var. Biz öz seçimimizdə səhv etmək istəmirik.
  • Ümumi olaraq, narazı qaldığınız məqamlar hansılardır?
  • Ümumi olaraq komandanın fiziki durumundan çox narazıyam. Həm taktiki, həm də, fiziki planda işlər aparmalıyıq. Yenə dediyim kimi, fərqli-fərqli məşqçi istəkləri var, ona görə də, futbolçuların da buna adaptasiyası üçün vaxt lazımdır.
  • Yəni, Nizami yurdunda gəncəli azarkeşləri sevindirə biləcəyinizə inanırsız?
  • Buna əminəm ki, yaxın vaxtlarda bunun öhdəsindən gələcəyik. Bütün azarkeşlərimizin bizi dəstəkləməyini və birmənalı dəstəkləməyini istəyirəm ki, bu nəticələrə daha tez çataq.
  • “Kəpəz”lə çalışmaqdan məmnunsuz?
  • “Kəpəz”də olmağıma və özüm üçün də yeni səhifənin açılmasına çox sevinirəm. Düşünürəm ki, hər şey bizim üçün, “Kəpəz” üçün xeyirli olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button