Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.

Şahid Nəbiyev (45 kq) təsəlliverici görüşdə iranlı Əhməd Badraddiniyə 4:9, Yusif Əhmədli (71 kq) isə amerikalı Jozef Dennisə 7:10 hesabıyla məğlub olub.

Əvəzində son Avropa çempionlarımız ümidləri doğruldub.

Turan Daşdəmirov (51 kq) finalda qırğızıstanlı Kutman Kalbayevə 5:3 hesabıyla qalib gələrək ikinci dəfə dünya çempionu olub. Beləliklə, Daşdəmirov U-17 yaş qrupunda mübarizə apardığı 2 il ərzində maksimum nəticəyə imza ataraq 2 qat Avropa, 2 qat dünya çempionu ünvanına sahib çıxıb. Bu yerdə xatırlatmaq yerinə düşər ki, Turan həm də 2022-ci ildə U-15 Avropa çempionatının qalibi olub.

Ayxan Cavadov (60 kq) isə finalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavadov bu il qitə birinciliyində də baş mükafata sahib çıxmışdı.

Beləliklə, yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə millimiz U-17 dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, dünən Əmrah Əmrahov (48 kq) dünya üçüncüsü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button