Azərbaycanın daha bir güləşçisi Avropa çempionu oldu

Güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın son günündə sərbəst güləşdə 61, 74, 86, 92 və 125 kq-da qaliblər müəyyənləşib.

Nürəddin Novruzov (61 kq) bürünc medal uğrunda qarşılaşmada ukraynalı Yaqor Rudauskiylə üz-üzə gəlib. Gəncə güləş məktəbinin yetirməsi ilk hissədə 7 xal fərqiylə geri düşsə də, əsl əzmkarlıq nümayiş etdirərək 13:12 hesablı qələbə qazanıb. Beləliklə, Novruzov ölkəmizə bu növdə ilk bürünc medalı qazandırıb.

Cəbrayıl Qadjiyev (74 kq) finalda rusiyalı Kamil Abdulvahabovla münasibətləri aydınlaşdırıb. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada rəqibinə minimal fərqlə (6:5) qalib gələn təmsilçimiz Avropa çempionu olub. Bununla da Cəbrayıl 2 il əvvəlki uğurunu təkrarlayıb.

Arseniy Djioyev (86 kq) bürünc medal uğrunda görüşdə Miko Elkalanı sınağa çəkib. İlk hissədə rəqibinə tam üstünlüklə (11:0) qalib gələn yığmamızın üzvü fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Beləliklə, son yarış günündə millimiz 1 qızıl, 2 bürünc medal qazanıb.

Nürəddin Novruzov: “Bu yarışa yaxşı hazırlaşmışdım. Məqsədim çempion olmaq idi. Avropa çempionatına 2 həftə qalmış bəzi səbəblər oldu və bu da təsirsiz ötüşmədi. Hər şey Allahdandır. Buna da şükür. Böyüklərin qitə çempionatında debüt etdim, sonda 3-cü yer tutdum. Əsas hədəfim dünya çempionatında mükafatçılar sırasına düşməkdir. Qarşıdakı illərdə çəkimi olimpiya kateqoriyasına yüksəltmək və bu yolda irəliləmək niyyətindəyəm”.

Cəbrayıl Qadjiyev: “Qələbəni Azərbaycan xalqına həsr edirəm. Arenada çoxlu azarkeş vardı. Əsl izdiham yaşanırdı. Qızıl medal onların haqqı idi. Növbəti hədəf Los Anceles Olimpiadasıdır. Hər bir idmançının arzusu bu oyunlarda iştirak etməkdir. Düzdür, milli komandada gərgin rəqabət var. Bu da yaxşı haldır. Qoy ən güclü olan 1-ci nömrə olsun. Ölkə xaricində biz hamımız azarkeş olaraq bir-birimizi dəstəkləyirik. Kollektiv daxilində rəqibik. Sağlam rəqabət var. Son qərarı məşqçilər heyəti verəcək”.

Arseniy Djioyev: “Böyük və güclü ölkə olan Azərbaycana öz təşəkkürümü bildirmək istəyirəm. Məni qonaq kimi qəbul etdilər. Azərbaycan xalqı qonaqpərvər və xeyirxahdır. Məni artıq burda hamı doğma sayır. Bu yarışda debütdə bürünc medal qazandım. Baxmayaraq ki, qızıla köklənmişdim. Səviyyəli və ağıllı məşqçilər heyətimiz var. Onlarla daha irəli gedəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button