Federasiya rəhbərliyi yığma komandaların üzvləri ilə görüşüb

“ASK Arena”da yerləşən dayaq təlim-məşq bazasında ağırlıqqaldırma üzrə yeniyetmələr, gənclər və böyüklərdən ibarət yığma komandaların təlim-məşq toplanışına start verilib.

Komanda.az xəbər verir ki, müvafiq məşqçilər korpusunun rəhbərliyi altında atletlər qarşıdakı beynəlxalq yarışlara hazırlığı birgə davam etdirəcəklər.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov toplanışın ilk günündə yığma üzvləriylə görüşüb. O, idmançıları salamlayıb, ağır məşqlər öncəsində uğurlar arzulayıb, bu günə qədər olduğu kimi bundan sonra da federasiya tərəfindən bütün lazımi dəstəyin veriləcəyini, ən yaxşı şəraitin təmin ediləcəyini qeyd edib. Umudov bir neçə gün əvvəl Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Dadaş Dadaşbəylinin qazandığı qələbənin bütün ağırlıqqaldırma ailəsinin uğuru olduğunu, hazırda burada olan gənc nəsil üçün örnək olduğunu bildirib. Vitse-prezident qələbəyə gedən yolda intizamlı olmağın, dəmir nizama riayət etməyin, məşqçi heyətinin tapşırıqlarının düzgün və müzakirəsiz yerinə yetirilməsinin vacibliyini qeyd edib, yığmada birlik, komanda ruhu, möhkəm dostluq münasibətlərinin yüksək səviyyədə olmasının sürətli inkişaf, zirvəyə doğru inamlı irəliləyişə təkan verdiyini vurğulayıb.

Sonra Firdovsi Umudov təcrübəli mütəxəssis, Tibb Elmləri Namizədi Hüsniyyə Kərimovanı komandaya təqdim edib. Onun federasiyanın Tibb Departamentinin rəhbəri təyin olunduğu qeyd olunub. Bildirilb ki, Kərimova öz böyük təcrübəsi ilə komandanın uğurlarına dəstək olacaq, zədələr, yığma üzvlərinin sağlamlıqla bağlı digər çətinliklərinin həllində, onların düzgün qida rasionunun qurulmasında yardımçı olacaq.

Sonda idmançılar toplanış və digər məsələlər barədə fikirlərini bildirib, diqqət və dəstək üçün federasiya rəhbərliyinə təşəkkür ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button