Azərbaycanın iki güləşçisi AÇ-nin finalında

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.

Rəşad Məmmədov (55 kq) 1/4 finalda rumıniyalı Denis Mihaydan güclü olub – 4:3. Qitə birinciliyinin debütantı yarımfinalda gürcüstanlı dünya çempionu və Avropa ikincisi Nuqzari Tsurtsumia üzərində inamlı qələbə (5:1) qazanaraq finala yüksəlib. Məmmədov həlledici görüşdə moldovalı Artium Deleanu ilə qarşılaşacaq.

Murad Məmmədov (63 kq) 1/8 finalda danimarkalı Brian Santyaqoya heç bir şans tanımayıb – 8:0. Məmmədov növbəti mərhələdə latviyalı Aleksandrs Yurkyansı məyus edib – 3:1. Murad yarımfinalda rusiyalı Ənvər Allahyarovu xalların keyfiyyətinə görə (3:3) üstələyərək 6 illik fasilədən sonra yenidən Avropa çempionatının finalına yüksəlib. Sumqayıt güləş məktəbinin yetirməsi həlledici görüşdə ukraynalı Oleksandr Xruşinlə qızıl medal uğrunda mübarizə aparacaq.

Sənan Süleymanov (77 kq) 1/8 finalda almaniyalı İdris İbayevi çətinlik çəkmədən (10:0) yolundan kənarlaşdırsa da, xorvatiyalı Antonio Kamenyaseviçə məğlub olub – 1:3.

İslam Abbasov (87 kq) 1/8 finalda polşalı Şimon Şimonoviçə (2:1), 1/4 finalda isə gürcüstanlı Açiko Bolkvadzeyə (6:3) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Aleksandr Komarovla (1:3) bacarmayan Abbasov bürünc medal uğrunda mübarizə aparacaq.

Beka Kandelaki (130 kq) 1/8 finalda finlandiyalı Konsta Maenpaeaeni (8:6), 1/4 finalda isə macarıstanlı Dariuş Viteki (9:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya mükafatçısı Rza Kayalpla qarşılaşan Kandelaki türkiyəli rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və o da ümidini 3-cü yerə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button