Azərbaycan çempionatının ikinci mərhələsinin qaliblər bəlli oldu

Oktyabrın 6-da velosiped idmanının şose növündə çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatının ikinci mərhələsi keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutan çempionatın bu mərhələsində qrup ötüşməsində mübarizə aparan idmançılar Qubada “ASAN xidmət” mərkəzinin qarşısından start götürərək Susay kəndi ərazisində finiş xəttini keçiblər.

Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 50 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 30 km məsafə qət ediblər.

İkinci mərhələnin nəticələrinə əsasən, 2005-2009-cu il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 01:35:10) hamıdan yaxşı nəticəyə imza ataraq birinci, Turqut Qurbanlı (ROEQİUGVM, 01:53:00) ikinci, Nihad Xudoyev (ROEQİUGVM, 01:53:03) üçüncü yerdə qərarlaşıblar.

2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev (ROEQİUGVM, 59:06) finiş xəttini birinci keçərək qızıl medal qazanıb. Cavid Baxşıyev (ROEQİUGVM, 01:03:07 ) gümüş, Röyal Aslanov (ROEQİUGVM, 01:04:18) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın oktyabrın 7-də baş tutacaq üçüncü mərhələsində idmançılar fərdi ötüşmə növündə güclərini sınayacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button