Dieqo Simeone Luis Araqonesə çatdı, La Liqanın rekordunu yenilədi
İspaniya La Liqasının 23-cü turu çərçivəsində keçirilən “Real”la oyun Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis 1:1 hesabıyla bitən bu matçda rekorda imza atıb.
Dieqo buna baş məşqçisi olduğu komandanı La Liqada 425-ci dəfə matça çıxarmaqla nail olub. Argentinalı məşqçi “Real”ın sabiq çalışdırıcısı Migel Munyosun (424) rekordunu yeniləyib.
Simeone “Atletiko”nun sabiq baş məşqçisi Luis Araqonesə məxsus rekordu da təkrarlayıb. Belə ki, Dieqo Madrid təmsilçisini bütövlükdə 612-ci matça çıxarıb. Daha öncə Araqones də paytaxt klubunu bu qədər oyunda meydana çıxarmışdı. Növbəti oyunda Simeone Araqonesin rekordunu da geridə qoyacaq.
“Atletiko” Simeonenin rəhbərliyi altında meydana çıxdığı 612 oyunda 358 qələbə qazanıb, 143 heç-heçə edib və 111 məğlubiyyətə üzülüb. Araqonesli “Atletiko”nun statistikası ilə belədir – 308 qələbə, 135 heç-heçə və 169 məğlubiyyət.
Xatırladaq ki, Simeone 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir.
Bizi Facebook-da izləyin