Rəcəb Fərəczadə: “Yatanda da bu matç haqqında düşünürdük”
“Yatanda da bu matç haqqında düşünürdük”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futzalçısı Rəcəb Fərəczadə federasiyanın rəsmi saytına müsahibəsində deyib.
42 yaşlı veteran oyunçu ermənilərlə 2008-ci ilə təsadüf edən qarşılaşmanı unuda bilmədiyini söyləyib:
“Qrupda onlarla qarşılaşacağımızı bildiyimiz dəqiqədən oyuna qədər həyəcansız günümüz olmadı. Çox həssas məqam idi: torpağımız işğal altında olduğuna görə onlarla qarşılaşma bizim üçün sanki parket üzərində bir “döyüş”ə bənzəyirdi. Ancaq qələbə qazanmalı idik. Heç-heçə variantı haqda düşünən belə, yox idi. Bu yolda canımızı vermək bahasına olsa da, məqsədimizə çatmalıydıq. Əlbəttə, şadam ki, görüşdə hesabı açdım. Karyeramda o qədər qol vurmaşam ki, ancaq həmin qolu heç vaxt unutmayacam. Sorgu keçirsəydilər, həmin qolu “karyeramın ən yaxşı qolu” seçərdim”.
Fərəczadənin sözlərinə görə bu qədər həyəcanlı olmaq oyunlarına bəzən mane olub:
“Ancaq həyəcanlanmamaq da mümkün deyildi. Birinci hissədə rəqib müdafiədən çıxmağa çalışırdı. Ötürmə edəndə səhvə yol verdilər. Topu ələ keçirdim, dərhal zərbə endirdim və qol oldu. Zalda da bizi kifayət qədər azarkeş dəstəkləyirdi. Almaniyada, Niderlandda, Çexiyada, Slovakiyada yaşayan həmyerlilərimiz matçı izləyirdilər. Qoldan sonra onların necə sevindiklərini gördük. Qol sayəsində özünəinam da artdı və artıq rəqibi udmaq bir yana, böyükhesabla yenəcəyimizə əmin idik”.
Futzalçı oyunçular üzərindəki təzyiqdən də söz açıb:
“Yaşımızın elə dövrü idi ki, situasiyanı kiminsə bizə izah etməsinə ehtiyac yox idi. Hər şeyi dərk edirdik. Özümüzdə gərginlik var idi, amma bunu büruzə verməməyə, kənar təzyiqdən qaçmağa çalışırdıq. Zaur müəllim (Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov) bütün oyunlarda olduğu kimi, bu matçda da yanımızda idi və dəstəyini əsirgəmirdi. Ümumiyyətlə, o, bir qurum rəhbəri olmaqla yanaşı, həm də futzalçıların dostu idi. Məsləhətləşirdik, təkliflərimizi deyirdik, o da dinləyirdi, öz məsləhətlərini verirdi. Matçdan əvvəl səhər gəzintimiz oldu, rəhbərlik çalışdı ki, bir qədər deyib-gülməklə oyunçulardakı gərginliyi azaltsın. Çünki oyun haqda o qədər düşünürdük ki, gecə də gözümüzə yuxu getmirdi. Oyun günü səhərə qədər demək olar, yatmamışdım. Şükürlər olsun ki, yekun istədiyimiz kimi oldu və 9:1 hesabı ilə qələbə qazandıq”.
O, qarşı tərəfin onları provakasiyaya çəkməyə çalışdığını vurğulayıb:
“Rəqibin azsaylı azarkeş qrupu var idi zalda. Onlar komandalarının bu şəkildə məğlub olacaqlarına inanmırdılar. Hesab 2:1 bizim xeyrimizə olan zaman tribunada müəyyən hərəkətlər etməyə, bizə təzyiq göstərməyə çalışdılar. Ancaq etdikləri əks-nəticə verdi. Ardıcıl qollar gəldi. Həmin anda bizim düşərgədə məşqçimizin işi daha çətin idi. Çünki hamı meydana çıxmaq, oyunun iştirakçısı olmaq, gözündəki qığılcımı, daxilindəki “vulkan”ı qol vurmaqla söndürmək istəyirdi. İnanın, əlavə iki hissə də keçirilsəydi, hamımız oynamağa hazır idik”.
Fərəczadə oyundan əvvəl, həm də sonra komandalar arasında dava-dalaş, insident, hansısa xöşagəlməz hadisə baş vermədiyini deyib:
“Məncə, eyni oteldə qalsaydıq, bəlkə də, oyundan sonra onlar bu yenilginin əvəzini çıxmaq üçün mütləq provakasiyaya əl atacaqdılar. Bu qələbədə Zaur müəllimin də əməyi danılmaz idi. Sanki 5-ci oyunçumuz idi. Oyun ərzində dəstəkləyirdi, səhv edəndə imkan vermirdi ona görə məyus olaq, gərginləşək. Qələbə qazanmağımızı çox istəyirdi. Qələbəyə görə necə sevindiyini inidyə qədər xatırlayıram. Bəlkə də, hansısa nəticəyə görə bu matçın yekunundakı qədər sevinməyib. Bir faktı da deyim. 17 yaşımdan Ruslan Abdullayev, Asəf Namazov kimi məşqçilərin rəhbərliyi altında futbol üzrə milli çempionatın oyunlarında iştirak etmişəm. Söhbət 1997-98-ci illərdən gedir. Həmin vaxt Gəncə, Şəmkir, Tovuz kimi bölgələrdə güclü komandalar və onların heyətlərində böyük potensiala malik gənc futbolçular yer alırdı. Gəncə kimi yerdə 15-16 min azarkeşin qarşısında meydana çıxırdım və 17 yaşım olmasına rəğmən zərrə qədər də həyəcanlanmırdım. Ən böyük həyəcanı futzalda ermənilərə qarşı keçirdiyimiz oyunda yaşamışam. Hər imkandan maksimum istifadə etməyə çalışırdıq ki, onları məyus edək. Yenə deyirəm, 15-20 min azarkeş qarşısına dəfələrlə çıxsam da, heç vaxt belə həyəcan keçirməmişəm”.
Azərbaycan yığması 2008-ci ildə dünya çempionatının seçmə mərhələsində Ermənistan komandasını 9:1 hesabı ilə üstələyib.
Bizi Facebook-da izləyin