“Məhsul” ölkə çempionatında liderliyi ələ keçirdi
Həftəsonu kişi həndbolçuların ölkə çempionatında növbəti oyunlar olub.
Komanda.az xəbər verir ki, yarışın əsas favoritlərindən sayılan “Dinamo” komandası 5-ci turda RİOEUGİM kollektivini sınağa çəkib.
Nominal ev sahibinin tam üstünlüyü ilə keçən qarşılaşma 45:21 hesabı ilə nəticələnib. “Məhsul” – U-16 görüşündə də səviyyə fərqi hesabda əksini tapıb – 43:18.
“İdman Akademiyası” – “Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb. Bu qarşılaşmadan “İdman Akademiyası” kollektivi qələbə ilə ayrılıb – 31:24.
RİOEUGİM komandası “Dinamo” ilə 6-cı turun görüşündə də məğlubiyyətdən qurtula bilməyib. Görüş 52:21 hesabı ilə dinamoçuların xeyrinə nəticələnib.
U-16 bu turda da “Məhsul”un qarşısını ala bilməyib – 16:45. “Təhsil” komandası isə “İdman Akademiyası” kollektivinə 5-ci turdakı məğlubiyyətin əvəzini çıxıb. Gərgin mübarizə ilə yadda qalan oyun 27:26 hesabı ilə “Təhsil”in xeyrinə nəticələnib.
“Məhsul” 6 oyundan 17 xalla çempionatın lideridir. “İdman Akademiyası” 15 xalla 2-ci, iki oyun keçirən “Dinamo” 12 xalla 3-cü pillədədir. 4-cü pillədəki “Təhsil”in 9, 5-ci yerdə qərarlaşan “Bakı”nın 1 xalı var. RİOEUGİM və U-16 komandaları hələ ki, xal qazana bilməyib.
Bizi Facebook-da izləyin