“Bizdə futbol da var, futbolçu da!” – Yalan, yoxsa həqiqət?

Rəşad Ergün

Yenə “Qarabağ”ın qələbəsindən vəcdə gəlib, “bizdə futbol da var, futbolçu da!” kimi iddialı bəyanatlara, açıqlamalara qaçanlar var.

Bizdə bir Qurban Qurbanov var, bir də, canını, əsasını, özəyini, lokomotivini fransalı Abdullah Zubirin, braziliyalı Riçard Almeydanın, Kadi Borgesin, xorvat Filip Ozobiçin, monteneqrolu Marko Veşoviçin, Marko Yankoviçin, kolumbiyalı Kevin Medinanın, qanalı Kvabena Ovusunun təşkil etdiyi “Qarabağ”. Vəssalam, şüttəmam. Yox, yox, qətiyyən “köhlən atlar”ın yerli oyunçularının əziyyətini, fədakarlığını görməzdən gəlmək istəmirəm. Haşa! Amma…. Adlarını sadaladığım futbolçuları götür “Qarabağ”dan, ortada avrokubokların qrup mərhələsindən çıxmaq yox, avrokubokların qrup mərhələsinə çıxmağa can atan komanda qalacaq. Bunu Qurban Qurbanov da yaşayıb, biz də izləmişik, görmüşük. Vaxtı ilə əsasını yerli futbolçuların təşkil etdiyi “Qarabağ”ı deyirəm.

Bizdə futbol da, futbolçu da o vaxt olacaq ki, braziliyalıların, monteneqroluların, qanalıların, xorvatların, fransalıların, bir də, Qurban Qurbanovun müstəsna xidmətləri, keyfiyyətləri sayəsində Avropada adından söz etdirən “Qarabağ” kimi, avropalıların sayıb hörmət etdiyi milli komandalarımız, milli futbolçularımız olsun. Varmı? Daha yəqin aranızdan heç kim Zaqreb “Dinamo”sunda ehtiyada oturmaqdan futbolçu kimliyini unudan Mahir Emrelini də yada salmaz. Yox, kimsə hələ də, “bizdə futbol da var, futbolçu da” iddiasından əl çəkmək istəmirsə, dönüb bir də “Napoli” ilə İtaliya A Seriyasında, avrokuboklarda fırtına kimi əsən gürcü balası Xviça Kvaratsxeliyaya baxsın.

“Qarabağ” qələbələri, gözəl oyunu ilə azərbaycanlı azarkeşlərin zövqünü oxşayıb əyləndirərkən, Azərbaycan futboluna rəhbərlik edənlər də “necə edək, bizdən də xviça kvaratsxeliyalar çıxsın” sualı üzərində baş sındırmalıdır. Təbii, başları yeyib-dağıtmağa qarışmayıbsa…

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button