Liqa 1 klubunda yeni müqavilə
Fransanın “Olimpik” (Lion) klubu yarımmüdafiəçisi Rayan Şerki ilə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər 2+1 illik müqaviləyə imza atıblar. Əvvəlki sözləşmə 2023-cü ilin yayına qədər idi.
Rayan Şerki Lion “Olimpik”inin öz yetirməsidir. 19 yaşlı vinger 2020-ci ildən bu klubun əsas komandasında forma geyinir. O, bu komandada keçirdiyi 4 mövsüm ərzində 65 oyuna çıxıb, 9 qola imza atıb. Gənc futbolçu Fransanın U-21 yığmasında da 4 oyuna 4 qol vurub.
Lion klubu digər gənc futbolçusu Yaya Sumareni isə aşağı liqa təmsilçisi “Peronna”ya icarəyə verib. 22 yaşlı forvard əvvəlki mövsümlərdə “Dijon” və “Annesi”də də icarədə oynayıb. Fransız hücumçu əsas komandada bir neçə oyun keçirsə də, fərqlənə bilməyib.
“Olimpik” daha bir hücumçusu Lenni Pintorla da yollarını ayırıb. 22 yaşlı forvard azad agent kimi “Sent-Etyen”ə keçib. Fransız hücumçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Karyerasının ilk illərində “Bastiya” və “Brest”də oynamış futbolçu 2018-ci ildən Lion “Olimpik”ində idi. Liqa 1 təmsilçisi əvvəlki mövsümlərdə gənc forvardı “Trua”ya icarəyə vermişdi.
Bizi Facebook-da izləyin