“Atalanta”dan Super Liqa klubuna
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”ın qapıçısı Batuhan Şən ilə İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Ebrima Kollini heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçusu 2022/23 mövsümünün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.
Batuhan Şən “Qalatasaray”ın öz yetirməsidir. 23 yaşlı qolkiper əvvəlki mövsümlərdə “Həkimoğlu Trabzon” və “Menemenspor”da da icarədə olub. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib. Yeri gəlmişkən, “Qalatasaray” gənc oyunçusunu icarəyə göndərməzdən öncə onunla 4 illik yeni müqavilə imzalanıb.
Ebrima Kolli də “Atalanta”nın yetirməsidir. 22 yaşlı vinger əvvəlki mövsümlərdə “Verona” və “Spetsiya”da icarədə oynayıb. O, öz klubunun əsas komandasında cəmi 5 matça çıxıb. Qambiyalı yarımmüdafiəçi ölkəsinin əsas yığmasında 9 matç keçirib.
Yeri gəlmişkən, Kollini “Fatih Karagümrük”ə göndərən “Atalanta”, hücumçusu Sem Lammersi də “Empoli”yə icarəyə verib. Niderlanddan olan forvard 2023-cü ilin 30 iyununa kimi bu komandada forma geyinəcək. Lammers 2020-ci ildən “Atalanta”da çıxış edirdi. O, A Seriyası klubunda 19 oyuna 2 qol vurub. 25 yaşlı futbolçu ötən mövsümü Almaniyanın “Ayntraxt” klubunda icarədə keçirib, burada 22 oyuna 2 qola imza atıb. PSV-nin yetirməsi olan forvard, Eyndhoven təmsilçisi ilə yanaşı, “Herenven”də də forma geyinib.
Bizi Facebook-da izləyin