“Qalatasaray”ın futbolçusu karyerasını bitirdi
Türkiyə yığmasının və “Qalatasaray”ın müdafiəçisi Semih Kaya futbolçu karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 31 yaşlı oyunçu bu barədə qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Semih “Qalatasaray”ın öz yetirməsidir. 2009-cu ildə peşəkar karyerasına başlayan mərkəz müdafiəçisi, İstanbul təmsilçisi ilə yanaşı, icarə əsasında “Qaziantepspor” və “Kartalspor”un da formasını geyinib. 2017-ci ildə isə o, Çexiyanın “Sparta” (Praqa) klubuna transfer olunub. 2019-cu ildə icarə əsasında yenidən “Qalatasaray”a qayıdan futbolçu, 2020-ci ildə Praqa təmsilçisindən ayrılaraq Türkiyəyə dönüb. Lakin o, bu dəfə “Yeni Malatyaspor”la anlaşıb. Bu ilin fevralında Malatya klubundan ayrılan müdafiəçi yenidən “Qalatasaray”a qayıtmışdı.
Təcrübəli futbolçu bu klubla 5 dəfə Türkiyə çempionu olub, 4 dəfə ölkə kubokunu, 4 dəfə də super kubok qazanıb. Semih Türkiyə millisində də 23 oyuna çıxıb.
Bizi Facebook-da izləyin