“Daha çox çalışmaqla istəyimizə çata bilərik”
5-ci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin hazırlığı davam edir.
Komanda.az xəbər verir ki, avqustda keçiriləcək yarışlara hazırlaşan komanda hazırlığın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib.
22 həndbolçunun cəlb olunduğu toplanışa baş məşqçi Slavisa Ristiçeviç rəhbərlik edir. Köməkçi məşqçi Fuad Yangildindir. Məşqlər “Sərhədçi” Olimpiya İdman Mərkəzi və “Dinamo” İdman Cəmiyyətində keçirilir.
İyunun 15-də Bakıda yekunlaşacaq toplanış, ardınca ölkə xaricində davam etdiriləcək. Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.
Avqustda keçiriləcək İslamiadaya qələbə ardınca yollanacaq komandanın baş məşqçi Slavişa Ristiçeviç AHF-yə açıqlamasında hazırlıq prosesindən razı olduğunu bildirib:
“Mayın 16-dan təlim-məşq toplanışındayıq. Artıq bir araya yaxındır ki, hazırlığa start vermişik. Həndbolçuların əhval-ruhiyyəsi yüksək səviyyədədir. İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşırıq. Bizim üçün bu oyunlar çox vacibdir. Nəinki, bu, ümumiyyətlə bütün yarışlarda uğur qazanmaq niyyətindəyik. Qarşıda iki ay vaxtımız var. Məncə, daha çox çalışmaqla istəyimizə çata bilərik. Burda olduğumdan çox məmnunam. İşlər qaydasında gedir”.
Bizi Facebook-da izləyin