“Layiqli qələbə qazandıq” – Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 26-cı turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Düşündüyümüz kimi ağır oyun alındı. “Neftçi”ni təqdim etməyə ehtiyac yoxdur. Heyəti usta futbolçulardan təşkil olunub. Amma komanda olaraq “Neftçi” ilə layiqli mübarizə apardıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Komanda verilən tapşırığı yerinə yetirdi. Qarşıda iki oyunumuz qalıb. Bunlar final matçlarıdır. Komanda kimi bu oyunlara köklənib maksimum nəticə qazanmağa çalışacağıq. Xüsusilə də azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm idilər. Sonadək dəstək olsunlar, onları sevindirərik.
Mən Emil Səfərovu fərqləndirməzdim. O, komandanın bir üzvüdür. Üzərinə nə düşürsə, maksimumu yerinə yetirməyə çalışmalıdır və borcludur. Heyətimizdə Emildən də dəyərli futbolçular var ki, zədəli ola-ola da hər şeyini meydanda qoyurlar. Xüsusilə də Ürfan Abbasovu fərqləndirərdim. Böyük xarakterə və böyük ürəyə sahib futbolçudur. Bu zədəylə heç bir futbolçu oynamazdı. Amma Ürfan 90 dəqiqə meydanda oldu. Asif Məmmədov nəinki meydançada, məşq prosesində də ən yaxşılardan biridir. Futbolda yaşa deyil, futbolçunun durumuna baxmaq önəmlidir. Asif hamıya göstərir ki, o yaşda da yüksək səviyyədə futbol oynamaq olar”.
Bizi Facebook-da izləyin