“Sabah”a çatanda qaydalar dəyişir?

Əmir

Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub. Çempionatın bu turu da hakimlik baxımından narazılıq olmadan ötüşmədi. Söhbət cari mövsümdə hakimlərin “qaraladığı” “Sabah”ın “Neftçi” ilə səfər oyunundan gedir. Belə ki, görüşün son dəqiqələrində “tələbələr” uzun müddət davam edən təzyiqi qolla tamamlasa da, görüşün baş hakimi Kamal Umudlu “Sabah”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin Eddi İsrafilova qarşı kobud oynamasını əsas gətirərək mərkəzi göstərməyərək, “ağ-qaralar”ın lehinə cərimə zərbəsi təyin etdi. İnsafən, epizodun təkrarında Bəxtiyarın Eddiyə yüngül toxunuşu olduğu görünür. Lakin “Neftçi”nin də futbolçularının “Sabah”ın oyunçularına qarşı oxşar müdaxiləsi olduğunu nəzərə alsaq, bunu ikili mübarizə kimi də dəyərləndirmək olardı.

“Neftçi” – “Sabah”: sayılmayan qol

Bütün oyunu üstün olan “Sabah”ın son dəqiqələrdə gələn qolunun hesaba alınmaması Masazır klubunun baş məşqçisi Murad Musayevin də kəskin narazılığına səbəb oldu. Rusiyalı mütəxəssis oyunsonrası mətbuat konfransında da sayılmayan qolun təmiz olduğunu qeyd edərək, Kamal Umudlunun hakimliyini xüsusi qabartdı.  Musayev, Umudlunun onun Azərbaycanda “Sabah”ın “sükanı arxasında” ilk oyununda da hakimlik etdiyini, həmin matçda komandasının əleyhinə bir “qırmızı” verməsini və lehinə verilməli olan bir penaltini vermədiyini xatırlatdı:

“Matç ərzində böyük üstünlüyə sahib idik. Düşünürəm ki, təmiz qolumuzu əlimizdən aldılar. Rəqib komanda şəklində öz cərimə meydançasında müdafiə olunurdu. Avtoqolumuzdan sonra axıradək müdafiədə oturdular. Səfərə gələndə qarşılıqlı şəkildə futbol oynamaq istəyirsən. Meydanda bu gün gördüklərimiz çox qəribə idi. Amma öz oyunçularıma təşəkkür edirəm. Bütün güclərini meydanda qoydular.

Həmin epizodda heç bir cərimə yox idi. Matç ərzində çox dəyişikliklər oldu, həkimlər meydana daxil oldu, çoxlu dayanmalar oldu. Ancaq baş hakim cəmi üç dəqiqə əlavə etdi. Bu hakim “Sabah”dakı ilk oyunumu da idarə etmişdi. Hesab 3:1 olarkən 46-cı dəqiqədə heç nədən Xuan Kamaranı meydandan qovmuşdu. Rəqibin qapısına da təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir”. 

“Sabah” – “Zirə”: Mübahisəli epizod – Xuan Kamara

Murad Musayev Azərbaycanda olduğu müddətdə gördüyünü deyib. Amma rusiyalı mütəxəssisin xəbəri yoxdur ki, Kamal Umudlu o “Sabah”da çalışmamışdan öncə də oxşar qərarla “tələbələr”in narazılığına səbəb olmuşdu.

Belə ki, Umudlu ötən mövsüm baş tutmuş “Zirə” – “Sabah” matçında (2:2) “tələbələr”in cərimə meydançası daxilində qapıçı Alvaro Vilyeteyə qarşı müdaxiləni cərimə kimi dəyərləndirməmiş, “qartallar”ın vurduğu qolu hesaba almışdı. Maraqlıdır ki, həmin oyunun üzərindən bir il keçdikdən sonra oxşar epizod bu dəfə “Sabah”ın rəqibinin qapısı qarşısında yaransa da, referi bu dəfə fərqli qərar verdi. Bir il ərzində qaydalarda dəyişiklik edilib, yoxsa “Sabah”a çatanda qaydalar dəyişir? 

“Zirə” – “Sabah” oyununda cərimə meydançasında qapıçıya müdaxilə

“Sabah” – “Zirə”: Əllə oyun
“Sabah” – “Zirə”: Mübahisəli epizod – Xulio Rodriqes

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button