“Komanda sonadək mübarizə aparacaq” – Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Səbail” – “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Oyunun ağır keçəcəyini öncədən də bilirdik. Zədəli və əməliyyatdan çıxan futbolçularımız var idi. Onları bu görüşdə riskə atdıq. Şükürlər olsun ki, görüşü sağlam bitirdilər. Oyuna gəlincə, çempionatda bəlkə də ən zəif matçımızı keçirdik. Bu da onunla bağlıdır ki, cəzalı və zədəli oyunçularımız olduğundan optimal heyəti qura bilmədik. Bura qədər gəlmişik, iddiamızdan çəkilmək fikrimiz yoxdur. Əlbəttə, çətindir. Qarşıda 2 kubok və 6 çempionat oyunumuz qalıb. İnanıram ki, komanda əlindən gələnin ən yaxşısını edib sonadək mübarizə aparacaq. Müqavilənin uzadılması qərarı, təklifi rəhbərlikdən gəlib. Bunun oyuna təsiri olmadı. Çempionatda zəif komanda yoxdur. Hər komanda istənilən rəqibdən xal almaq gücündədir. Bu matç heyət baxımından sıxıntımız olduğu üçün belə ağır oyun gözləyirdik. Amma inanırdıq ki, ən yaxşısını edə biləcəyik. Komandama inanıram. Bu durumdan çıxa biləcək xarakterdə, gücdədirlər. Bu gün nə hücumda yaxşı idik, nə də müdafiədə. Fərdi olaraq oyunçuları vurğulamazdım, komanda kimi uduzduq. Bu rəqib öz meydanında “Qarabağ”a da qalib gəlib. Ona görə də başımızı aşağı salmaq fikrində deyilik. “Qəbələ” sonadək öz dişlərini göstərəcək. Heyət daha geniş olmalıdır ki, həm çempionat, həm kubokda oynayasan. Kədərlənmək vaxtı deyil. Qarşıdakı oyuna hazırlaşıb daha yaxşısını etməyə çalışacağıq”.
Bizi Facebook-da izləyin