Azərbaycan güləşçilərindən Bolqarıstanda tarixi nəticə

Martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçirilib.

Komanda.az xəbər verir ki, geridə qoyduğumuz həftə güləşçilər üçün tarixi uğurla əlamətdar oldu. Hər üç güləş növü üzrə millilər ümidləri doğruldub.

Məsul yarışa cəmi 6 idmançıyla qatılan yunan-Roma güləşi üzrə yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb. Millimiz 102 xalla komanda hesabında Avropa üçüncüsü olub.

Qadınlardan ibarət komandamız da qitə birinciliyində 6 idmançıyla təmsil olunub. Onlardan 4-ü bvətənə medalla qayıdıb. Jalə Əliyeva (62 kq) Avropa çempionu olub. Elnurə Məmmədova (55 kq) ikinci, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb. Yığmamız 93 xalla komanda hesabında ilk “5-liy”i qapadıb.

Plovdivə 9 idmançıyla yollanan sərbəst güləş üzrə millimizin 7 üzvü uğurla çıxışla yadda qalıb. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gəlibsə, Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Yığmamız komanda hesabında Avropa çempionu olub.

Beləliklə, güləşçilərimiz Bolqarıstanda ümumilikdə 16 (7 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıb. Bu nəticə həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir. Daha bir ilk isə ümumi nəticəylə bağlıdır. Belə ki, Plovdivdə 7 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edən Azərbaycan ölkələrin ümumi sıralamasında 1-ci yeri tutub. Gürcüstan (6-5-4) ikinci, Türkiyə (4-4-12) isə üçüncü olub. Sonda ölkəmizin Bolqarıstanda 30 mümkün çəki dərəcəsindən cəmi 21-də təmsil olunduğunu da qeyd etmək yerinə düşər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button