Qurban Qurbanov: “Hər şey futbolçuların özlərindən asılı olacaq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komandamı rəbrik edirəm. Həqiqətən də çox yaxşı komandaya qarşı oyunda 3 xal qazandıq. Meydanda intizamlı iki komanda var idi. Oyunu yaxşı təhlil edən komandalar var idi. Qolu kim vursaydı, oyunun nəticəsi də onun xeyrinə olacaqdı. Futbolçularımdan çox razı qaldım. Oyunu sonadək əldə saxlamağı bacardılar. Meydanda iki dinamik komanda gördüm”.
Qurbanov Filip Ozobiçin fiziki baxımdan çatdırmadığına dair fikirlərlə razılaşmayıb: “O, ən çox qaçan oyunçulardandır. Ola bilsin, bəzi epizodlarda zonasını tez ala bilmirdi. Ozobiçidən daha çox əks-hücumlarda yararlanırıq. Bəzi epizodlarda düşündüyümüz kimi alınmaması kommunikasiyalardan asılı oldu. Çox intizamlı komandaya qarşı oynadığımız üçün ola bilsin, belə alındı”.
Qurbanov qol epizodu yarada bilməmələrini belə izah edib: “Cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 imkanımız oldu. Sadəcə, son zərbələrədək çatmadı. Rəqib komandanın oyunçuları çox yaxın oynayırdılar. Həm də futbol elə səviyyəyə gəlib çatıb ki, standart vəziyyət və ya bir epizod matçın taleyini həll edir. Futbolçuların intizamlı və istəkli olmaları çox önəmlidir. Qol epizodları bəzi oyunlarda az, bəzilərində çox ola bilər”.
Baş məşqçi ilk yarıda zədələnən Toral Bayramovun durumuna da aydınlıq gətirib: “Toralın ayağında şiş oldu. Rəqib oyunçu ona epizod zamanı xəsarət yetirdi. Durumuna sabah aydınlıq gələcək. Ağrılar olmasa, ola bilər ki, 4-5 gün meydandan kənarda qalsın”.
Bədavi Hüseynovu bu mövsüm meydana buraxacağını söyləyən Qurbanov bunun üçün uyğun zaman axtardığını bildirib: “Qarşıdakı matçlarda daha yaxşı bərpa olunaraq, meydana çıxacaq. Sadəcə, indi ilk dəqiqələrdən riskə getmirik. Milli komandaların oyunları ilə əlaqədar verilən fasilədən sonra onlardan yararlana biləcəyik. Onun qayıdışından sonra hər şey futbolçuların özlərindən asılı olacaq. Kim sabit çıxış edəcəksə, start heyətdə meydana çıxacaq. Rəqabətin yüksək olması önəmlidir”.
Təcrübəli mütəxəssis rotasiyalar etdiyi üçün bu dəfə Abbas Hüseynova yox, Marko Veşoviçə şans verdiyini diqqətə çatdırıb: “Abbas ötən iki turda çıxış etmişdi. Bu dəfə meydana çıxmaması xüsusi bir səbəblə əlaqədar deyildi. Ola bilər, növbəti turda meydana çıxsın”.
Baş məşqçi Xayme Romeronun zədə müddətinin bitdiyini sözlərinə əlavə edib: “Bir aydan sonra meydana tədricən buraxmağı düşünürük. Amma tam oynayacağını indidən demək çətindir”.
Bizi Facebook-da izləyin